featured-image-19178

“Oyuna çox yaxşı hazırlaşmışdıq. Məsuliyyəti hiss edirdik. İstəyirdik ki, yarımfinal həyəcanı yaşayaq. Şükür Allaha, qismət oldu”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un qapıçısı Tərlan Əhmədli evdə “Kəpəz”lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Gəncədəki ilk matçda 2:1 hesabı ilə qalib gələn Tovuz təmsilçisi iki görüşün nəticəsinə əsasən mərhələ adlayıb.

28 yaşlı qolkiper qarşılaşmaya əla başladıqlarını bildirib: “Qısa müddətdə 2 qol vurduq. Müəyyən səhvlərdən buraxdığımız qollar rəqibə motivasiya verdi. İkinci hissədə sırf hesabı qorumağa çalışdıq və bunu bacardıq”.

Oyunun sonlarındakı mübahisəli epizoda toxunan Əhmədli baş hakim Rəvan Həmzəzadənin düzgün qərar verdiyini vurğulayıb: “Siz də gördünüz ki, Sadiq Quliyev topu çıxarandan sonra rəqib özünü bilərəkdən bizim oyunçuya vurdu. Epizoda yaxın olduğum üçün bunları dəqiq gördüm. Daha əvvəl isə “Kəpəz”in hücumçusu hava mübarizəsi zamanı topu əli ilə yerə salmışdı. Epizoda baxsanız, siz də hər şeyi aydın görərsiniz. Ümumiyyətlə, referi oyunu çox əla idarə etdi. Oynamağa imkan verirdi. Sadəcə, son dəqiqələrdə mənə sarı vərəqə verməməli idi. Çünki heç nə etməmişdim”.

O, final fitindən sonra futbolçular arasında baş vermiş insidentdən söz açıb: “Oyun elə gedirdi ki, rəqib də qələbə qazanmaq istəyirdi. Sonda hər iki komanda emosiyalara qapıldı. Ciddi bir şey olmadı. Çünki hamı bir-birini ayırmağa çalışırdı. Amma sonradan rəqib hücumçu məni arxadan vurdu, ona görə dava düşdü”.

Əhmədli “Kəpəz”in hücumçusu Mixail Ergemlidzenin fikirlərinə də münasibət bildirib: “Bizim futbolçuların rəqibi təhqir etməsi mümkün deyil. Mən ilk sarı vərəqəni alanda artıq mübahisə düşmüşdü. Rəqib futbolçu Mate Kvirkviya bizə pis söyüşlər söydü. Buna baxmayaraq, sakit durduq. Kənarda dayandığım halda baş hakim heç nədən mənə sarı vərəqə göstərdi. Matenin bizi təhqir etdiyini Ergemlidze də eşitdi. Son dəqiqələrdə topu tutub vaxt keçirən zaman rəqib məni arxadan təpiklə vurdu. Daha sonra oyun qurtardı, sevinməyə başladım. Amma təhqirdən söhbət gedə bilməz. Mate və digər oyunçular üstümə gəldikdən sonra mübahisə oldu. Əksinə, onlar bizi söymüşdülər. Səhv hərəkət etdiklərini bilirdilər. Futbolda belə hallar olur. Normal qarşılamaq lazımdır”.

Qeyd edək ki, “Turan Tovuz” yarımfinalda “Neftçi” ilə qarşılaşacaq.

Bənzər xəbərlər