Tərlan Əhmədovun "qara siyahısı" - Baş məşqçi "Kəpəz"dən kimləri göndərəcək?
“Kəpəz”in baş məşqçi postuna keçən Tərlan Əhmədov bəzi futbolçuları artıq “qara siyahıya” salıb. Gəncə klubunun çalışdırıcısının göndərmək istədiyi oyunçuların başında Rauf Əliyev gəlir. Əhmədovun ilk məşqlərinin birində onunla 32 yaşlı hücumçu arasında mübahisə yaranıb. Raufun “Səbail”lə matçda (1:4) qırmızı vərəqə alaraq 5 oyunluq cəzalanması rəhbərliyin də forvarda münasibətini dəyişib.
Msport.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz”in baş məşqçisi daha bir təcrübəli futbolçu Əfran İsmayılovla da yolların ayrılmasını istəyir. Əhmədovun 33 yaşlı yarımmüdafiəçi ilə hələ “Keşlə”də işlədyi dövrdə problemləri olub.
“Qara siyahıya” düşənlərdən biri də Tural Axundovdur. 34 yaşlı orta sahə oyunçusu da vaxtilə “Keşlə”də T.Əhmədovun rəhbərliyi altında oynayıb.
Gəncə klubunun çalışdırıcısı qapı xəttindən də razı deyil. Kamran İbrahimovun son oyunlarda kobud səhvlərə yol verməsi baş məşqçini bu qənaətə gətirib. O, artıq “Kəpəz”ə yeni qolkiper axtarışına başlayıb.








