featured-image-19084

Azərbaycan kubokunda ilk yarımfinalçılar məlum oldu. Hələ ilk oyunlardan əvvəl “Qarabağ” və “Sabah” favorit sayılsa da, hər iki komanda mübarizəni dayandırdı. “Qəbələ” və “Səbail”in mərhələ keçmək haqqı idi. Xüsusən də birincilərin. Elmar Baxşıyevin komandası “Qarabağ”la cavab matçını yüksək səviyyədə keçirdi. “Qırmızı-qaralar” Ağdam klubunu bütün komponentlərdə üstələdi. Ramon Maçadonun 71-ci dəqiqədə vurduğu qola qədər qonarların ciddi bir epizodunu xatırlamaq olmur. “Qəbələ”nin isə təhlükəli vəziyyətləri az deyildi. İsnik Aliminin dirəkdən qayıdan topu, Maçadonun dəyərləndirə bilmədiyi epizodlar.

“Qarabağ” sanki “Qəbələ” ilə görüşə tətil ab-havasında çıxmışdı. Qurbanovun komandası oyuna konsentrasiya ola bilmir, futbolçuların fikirləri bayram öncəsindəki istirahətdə idi. Bilmirəm, qış fasiləsindən sonra necə olacaq, Ağdam klubu heyətinə yeni futbolçular cəlb edəcək, ya yox, lakin “Qəbələ” son 3 matçda göstərdi ki, hazırkı “Qarabağ” məğlubedilməz deyil. “Köhlən atlar” yalnız çempionat matçında Baxşıyevin komandasını penltidən vurulan qolla minimal hesabla üstələyə bilmişdi.

***

“Sabah”ın problemlərinin “çamadan əhval-ruhiyyəsi”ndən qaynaqlandığını düşünmürəm. Klub daxilinda ciddi prosseslər gedir ki, bu da nəticələrə təsir göstərir.  Zarafat deyil, Murad Musayevin komandası dörd oyundur qalib gələ bilmir. Sanki hər şey klub prezidenti Maqsud Adıgözəlovun müsahibəsindən sonra başladı. Onun “Sabah”ın uğurlarını yalnız Musayevlə bağlamaq olmaz” açıqlamasından sonra komanda “qara zolağa” düşdü. Həm klub rəsmiləri, həm də baş məşqçi bunu təkzib etsə də, hiss olunur ki, bir inciklik, soyuqluq yaranıb. Əla qrafik cızıb, “Qarabağ”a əsas rəqib olacağı deyilən komandadan əsər-əlamət qalmayıb. Hər xal itkisindən sonra da futbolçularda özünə inam itir, növbəti qarşılaşmanı daha zəif keçirirlər.

“Səbail”in kubokda yarımfinala yüksəlməsi yəqin ki, Mahmud Qurbanovun baş məşqçi postunda ömrünü bir qədər uzatdı. Lakin komanda qış fasiləsinə sonuncu pillədə yollansa, çox şey dəyişə bilər.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər