“Tottenhem” Rişarlisonu iştirak ərizəsinə salmadı
“Tottenhem” braziliyalı hücumçu Rişarlisonla bağlı sərt qərar verib.
Msport.az xəbər verir ki, London təmsilçisi 29 yaşlı futbolçunu Premyer Liqanın 2026/27 mövsümü üçün iştirak ərizəsinə daxil etməyib.
İngiltərə çempionatında klublara maksimum 25 futbolçu qeydiyyatdan keçirməyə icazə verilir. Rişarlison yay transfer pəncərəsinin son günlərində sabiq klubu “Everton”a qayıtmaq istəyib. Lakin tərəflər arasında razılaşma baş tutmayıb və braziliyalı futbolçu komandada qalıb. Bununla belə, baş məşqçi Roberto De Zerbinin də onu yeni mövsüm üçün planlarına daxil etmədiyi bildirilir.
Mənbə qərarı Rişarlisonun son günlərdə səsləndirdiyi sərt açıqlamalarla da əlaqələndirib. Hücumçu karyerası ərzində bir sıra qərarların onun əvəzinə başqa şəxslər tərəfindən verildiyini söyləmişdi.
Premyer Liqa üçün qeydiyyatdan kənarda qalan Rişarlison indi transfer pəncərəsi hələ açıq olan ölkələrdən birinə üz tuta bilər. Səudiyyə Ərəbistanı və Türkiyə mümkün variantlar arasında göstərilir.







