Tovuzda qalmaqal: Amma futbol belə daha gözəldir - VİDEO
Azərbaycan kubokunun 1\4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunu (2:2) son vaxtların ən dramatik matçlarından oldu. Tovuz stadionuna yenicə ayaq basmışdıq ki, yerli azarkeşlər qarşı tərəfdəki tribunada sınmış kresloları göstərərək “bunu keçən dəfə gəncəlilər elədilər, nə qədər stul sındırıblar” deyib irad bildirdilər. “Gəncə stadionunda bizə elə yer vermişdilər ki, elə bil Göy Göldən oyuna baxırdıq” – bunu da tovuzlu fanatlardan biri dedi. Hələ matçdan bir saat əvvəl hiss olunurdu ki, görüşün sonu qaynar keçə bilər.

Bir saat əvvəl hamıdan tez “Turan”ın ən qocaman azarkeşi, 85 yaşlı Kamal baba da əlində əsa stadionun içində göründü. Yerli sakinlərdən biri dedi ki, hətta pandemiya vaxtı, oyunlar qapalı keçəndə Kamal babaya güzəşt olunurmuş və o, gəlib stadionun bir küncündən matçları izləyirmiş.
“Turan Tovuz” iki erkən qol vurandan sonra oyunun sonlarında qalmaqalın olacağı heç kimin ağılına gəlməzdi. Hamı fikirləşirdi ki, meydan sahibləri rahat qələbə qazanacaq və sakit şəkildə hamı evinə dağılışacaq. Lakin Fərid Nəbiyebin iki qolu bütün planların alt-üst etdi. Yeri gəlmişkən, Çexiyada karyerası istənilən kimi alınmayan 23 yaşlı yarımmüdafiəçi yavaş-yavaş formaya düşür və oyundan-oyuna daha inamlı təsir bağışlayır.
Meydan sahibləri II hissədə daha çox hesabı qorumağa çalışdılar. Tərlan Əhmədovun əlində isə oyunu gücləndirə biləcək futbolçular yox idi. “Kəpəz”in baş məşqçisi yalnız Samir Məhərrəmli ilə Mixail Erqelemidzeyə şans verdi. “Sabah” rəsmiləri hər dəfə “Kəpəz”in oyununa baxanda gürcü forvarddan canlarını qutardıqlarına görə, yəqin ki, sevinirlər.
Oyunun sonlarında baş verən hadisələri isə yaxından görmək lazım idi. Sadiq Quliyev cərimə meydançasında Mate Kvirkviyaya qarşı səliqəsiz oynadı. Ümumiyyətlə, hələ də başa düşmürəm, müdafiəçi cərimə meydançasında niyə belə oynasın ki? Axı istənilən bu cür hərəkət riskdir və penalti gətirir. VAR hakimləri uzun müddət məşvərət etdikdən sonra referi Rəvan Həmzəzadənin monitora yaxınlaşmasını istədilər. Baş hakim epizoda baxdıqdan sonra penalti təyin etmədi. Düzdür, axşam saatlarında sosial şəbəkələrdə “Kəpəz”in futbolçusunun hücumun əvvəlində əllə oynamasına dair görüntülər yayılmağa başladı. Amma həmin anda Həmzəzadə bunu görməmişdi, çünki o, monitora baxdıqdan sonra əllə oyuna dair heç bir işarə etmədi.
Bu epizoddan onra Kvirkviya “Turan”ın cərimə meydançasında özünü yerə atdı. Tərlan Əhmədli ilə gürcü futbolçunun münaqişəsi hər iki oyunçunun qırmızı vərəqə almasına və tribunaların coşmasına gətirib çıxardı. Polislər yerli publikanın qarşısını çətinliklə aldılar. Eyni zamanda “Turan”ın vitse-prezidenti Nadir Nəbiyev, baş məşqçi Ayxan Abbasov və Tərlan Əhmədov sakitliyin yaranması üçün əllərindən gələni etdilər.
Düzdür, azarkeşlərin meydana daxil olmaq cəhdləri, bu cür çılğınlaşmağı nizamnamə pozuntusudur. Lakin Ayxan Abbasov və Tərlan Əhmədov demişkən, futbol həm də bununla gözəldir və biz çoxdan idi belə gözəllik görmürdük.
ELNUR MƏMMƏDLİ, TOVUZ







