Veteran futbolçu “Kəpəz”lə görüşdü
75 illik yubileyini qeyd edən veteran futbolçu Vahid Abbasov “Kəpəz”in əsas komandası ilə görüşüb.
“Report” xəbər verir ki, Gəncə təmsilçisinin forması ona hədiyyə olunub.
Baş məşqçi Adil Şükürov Vahid Abbasovu təbrik edərək ona uzun ömür və möhkəm cansağlığı arzulayıb. Klub tərəfindən futbol veteranlarının diqqətdə saxlandığını bildirərək komandanın inkişafında onların dəyərli məsləhətlərinə ehtiyac olduğunu deyib.
Vahid Abbasov isti qarşılanmaya və xoş sözlərə görə komanda üzvlərinə, klubun kollektivinə minnətdarlıq edib. Futbol veteranlarının daim “Kəpəz”ə dəstək verdiyini bildirib.
Gəncə futbolunun tanınmış simalarından olan Vahid Abbasov 1970-78-ci illərdə “Dinamo” və “Tərəqqi” adı ilə mübarizə aparan komandamızın heyətində uğurlu çıxışı ilə seçilib.
Oynadığı illərdə komandanın və liqanın ən məhsuldar oyunçularından biri olub. SSRİ idman ustası, əməkdar məşqçi fəxri adlarına layiq görülüb.