Xarkovda qalan millimizin üzvü: "Biz mağazaya da partlayış səsləri altında gedirik"
Qadın güləşi üzrə dördqat Avropa mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Tatyana Omelçenko da Ukraynada müharibə şəraitində yaşayan idmançılarımızdandır.
Msport.az xəbər verir ki, Oxu.az Xarkov şəhərində yaşayan Ukrayna əsilli idmançıdan oradakı mövcud vəziyyətlə bağlı müsahibə götürüb.
– Oradakı situasiyanı bir də sizin dilinizdən eşidək…
– Vəziyyət ağırdır, davamlı atəşə tutuluruq. İnsanlar metroda və bomba sığınacaqlarında yaşayır. Yemək, su və dərman çatmır. İndi hamı üçün çətindir, amma biz qələbəmizə inanırıq.
– Hazırda haradasınız, evdə, yoxsa sığınacaqda?
– Evdə oluruq, ancaq vaxtaşırı sığınacağa düşməyə məcburuq. Çünki daim orada qalmaq mümkün deyil: duş yoxdur. Evə qalxırıq ki, yemək yeyək, yuyunaq.
Daha hansı çətinlikləriniz var?
– Hazırda bütün Ukrayna birləşib, digər şəhərlərdən, eləcə də başqa ölkələrdən böyük həcmdə humanitar yardım gəlir. Mənim həyat yoldaşım da könüllüdür, komendant saatına qədər yardım paylayır. Əvvəl komendant saatı axşam saat 6-ya qədər idi, indi bir qədər vaxtını uzadıblar. Evdə, bomba sığınacaqlarında xeyli adamlar var ki, yeməkləri, suyu bitir. Mağazalarda isə ərzaq elə də çox deyil. Ukraynanın vəziyyəti sabit olan digər şəhərlərindən ərzaq tədarük edərək bizə göndərirlər. Mariupolda isə vəziyyətin necə olduğunu bilmirəm, çünki şəhər, demək olar ki, yoxdur.
– Bəs sizin Xarkovdan çıxıb Ukraynanın dinc şəhərlərinə getmək imkanınız varmı?
– Var, ancaq həyat yoldaşım da buradakı insanlara kömək edir. Onları qoyub getmək istəmirik. Mən də ailəmi burada qoymaq istəmirəm.
– Həyat yoldaşınız da döyüşlərdə köməklik edir?
– Yox, o, sadəcə könüllüdür. Xarkovdan başqa şəhərlərə, ölkələrə gedənlər çox olub. Ancaq yoldaşımla belə qərara gəldik ki, hələlik Xarkovdan çıxmayaq. Yoldaşım da, digər idmançılar da, idmançı olmayanlar da sakinlərə kömək etməyə çalışırlar.
Mövcud durumda, yəqin ki, hansısa məşq imkanından söhbət gedə bilməz…
– Əlbəttə, idman zallarına raket düşür. Biz bir zalda məşq edirdik, oraya nə isə düşdü. Bilmirəm, bomba idi, yoxsa raket. Son günlər, demək olar ki, evdən heç çıxmıram. Biz mağazalara da partlayış səsi altında gedirik, dəhşətdir. Bu səslər kəsilmir, daim başımızın üstündən qırıcı təyyarələr uçur. Yoldaşımgil də yardımları bu şəraitdə paylayırlar.
– Sizin kimi doğulduğunuz Krivoy Roq şəhərindən olan Alyona Kolesnik Azərbaycan millisinin tərkibində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında çıxış etdi. O, yarışda iştirak edə bildi, bəs siz niyə yox?
– O, müharibədən əvvəl Ukraynadan çıxmışdı. Müharibə fevralın 24-də başladı. Kolesnik isə Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinə qatılmaq üçün fevralın 22-də buradan getmişdi.
Bəs sizinlə Azərbaycan Güləş Federasiyasından zəng edib maraqlanırlarmı?
– Bəli, federasiyadan zəng edirlər, bizimlə maraqlanırlar. Bizim buradan çıxmağımız üçün yardım təklif etdilər, hər şeyi pulsuz təşkil edirdilər. Ancaq mən ailəmi burada qoyub getmək istəmədim.
– Ümid edirik ki, tezliklə ölkənizdə müharibə bitəcək…
– Biz aydın səma, sülh istəyirik. Bütün dünya indi birləşib. Heç gözləmirdik ki, ölkəmiz bu qədər güclüdür və bu qədər insan bizə dəstək olacaq.
– Ukraynanın 10 qadın güləşçisi Avropa çempionatında iştirak etdilər. Bəs onlar necə çıxa bildilər ölkədən?
– Kişilər bizdə hərbi mükəlləfiyyətlidirlər. Düzdür, bəzi şərtlər var, məsələn, bir kişi özü təklikdə üç uşaq böyüdürsə, onun getməyinə imkan var. Qadınları isə ölkədən sərbəst buraxırlar. Burada bir məqam var ki, qadın güləşçilərimizin baş məşqçisi kişidir, o isə Ukraynada, ölkəsini müdafiə etmək üçün qaldı.
– O zaman sizin qadın güləşçilər Avropada məşqçisiz çıxış etdilər?
– Yox, onların məşqçisi var, sadəcə, kişi baş məşqçilərini qadın məşqçi, çox güman ki, köməkçisi əvəz edib.
Axı Ukraynanın kişilərdən ibarət yunan-Roma güləşi komandası da Avropa çempionatında çıxış etmək qərarı verib…
– Bəli, onlar Ukraynanın beynəlxalq arenada şərəfini qorumağa gediblər. Ancaq onlar da mütləq Ukraynaya qayıdacaqlarına dair iltizam veriblər.
– Çətin də olsa, belə bir sualımıza da cavab verin. Bu ay 28 yaşınız tamam olacaq. Demək olarmı ki, bu müharibə sizin karyeranıza son qoyacaq? Yoxsa çıxışınızı müharibədən sonra davam etdirmək əzmindəsiniz?
– Düzü, bu suala necə cavab verəcəyimi bilmirəm. Çünki vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bəlli deyil.