Yeni milliyə doğru - Monqolustan və Bolqarıstanla matçda kimləri sınamaq olar?
Milli komandamız martda Bakıda iki yoxlama oyunu keçirəcək. Yığmamız martın 22-də Monqulustan, 25-də isə Bolqarıstanla üz-üzə gələcək. Hələ ki AFFA-nın hesabat-seçki Konfransının tarixi məlum olmadığından təxmin etmək mümkündür ki, qarşıdakı matçlara millimizi Arif Əsədov çıxaracaq.
Adıçəkilən oyunlar heç bir ciddi əhəmiyyət kəsb etmədiyindən Monqolustan və Bolqarıstan önünə eksperimental heyətlə çıxmaq olar. Bilmirəm, Arif Əsədov bunu edəcək, ya yox? Bəlkə də düşünəcək ki, həmin iki qarşılaşmada qalib gəlim və müsbət imic qazanım. Əslində isə komandamızın növbəti rəsmi oyunlarının sentyabrda olacağını nəzərə alsaq, heyətə əl gəzdirmək gərəkir. Komandanın bir çox təcrübəli futbolçularının yaşı artıq 31-i keçir. Məşqçilər Höccət Haqverdi (31yaş), Emin Mahmudov (31), Eddi İsrafilov (31) və Bədavi Hüseynovu (32) əvəzləyə biləcək futbolçuları axtarıb tapmalıdırlar.
Arif Əsədovun postunu müvəqqəti bizə tapşırsalar, martdakı yoxlama oyunlarına bəzi yeni futbolçuları dəvət edərdik. Dünən keçirilən “Səbail” – “Araz Naxçıvan” matçı da göstərdi ki, ikincilərin hücumçusu Orxan Əliyev əla formadadır. O, cari çempionatda 22 oyunda 9 qol vuraraq, bombardirlər yarışında 3-cü yeri tutur. Zədə səbəbindən dünən komandasına kömək edə bilməyən Abdulla Rzayevi də yığmaya dəvət edib, yavaş-yavaş bu ab-havanı hiss etdirmək olar. “Səbail”in əsas heyət üzvünə çevrilən Rüfət Abdullazadəyə də özünü göstərməyə imkan yaratmaq lazımdır. Onun 23 yaşı olduğundan bir neçə il millinin formasını geyinə bilər.
“Qarabağ”ın gənc istedadı Nəriman Axundzadə U-21-in aparıcı siması olmasaydı, Monqolustan və Bolqarıstana qarşı görüşlərdə sınamaq mümkün idi. Lakin 21 yaşlıları martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə rəsmi oyunlar gözləyir. Nəriman Samir Əliyevə həmin matçlarda çox lazım olacaq.
“Neftçi”dən icarə əsasında “Turan Tovuz”a keçən İsmayıl Zülfüqarlı qısa vaxt ərzində Qərb klubunun aparıcı simasına çevirildi. “FİFA Series” həm də bu cür gəncləri yoxlamaq üçün yaxşı meydandır. Təəssüf ki, İsmayılın komanda yoldaşı Ayxan Hüseynov təmiz azərbaycanlı olsa da, Azərbaycan pasportu yoxdur və çempionatda legioner kimi çıxış edir. Halbuki o, da yaxşı formadadır və millinin qapılarını üzünə açmaq olardı.
“Sumqayıt”ın universal oyunçusu Murad Xaçayev də eksperimental heyətdə yer ala bilər. 25 yaşlı futbolçu vaxtilı aşağı yaş qrupları üzrə milli komandalarımızda oynadığından onun pasport problemi yoxdur.
“Zirə”nin cinah müdafiəçisi Məqsəd İsayev ötən mövsümdən yıığmağa çağrılmağa layiq idi. Lakin nədənsə, Canni De Byazi onun tərəfə baxmadı. İndi italyalı mütəxəssisin səhvini onun köməkçisi olmuş Əsədov düzəldə bilər. Rəşad Sadıqov kimi heyətdə rotasiyalar edən məşqçinin rəhbərliyi altında belə Məqsəd bu çempionat 21 oyun keçirə bilib.
“Zirə”nin vingeri Eldar Quliyevin Azərbaycan pasportu yoxdur. Halbuki onun da yığmamıza çox faydası dəyə bilər.
“Neftçi”nin qapıçısı Rza Cəfərov yəqin ki, U-21-in düşərgəsində olacaq. Əks halda 20 yaşlı qolkiperi də sınamağa dəyərdi.
Ölkə xaicində oynayan futbolçulardan Vüsal İsgəndərliyə dəvət göndərmək olar. Türkiyə I Liqasında “Boluspor”un formasını geyinən hücumçu qol hesabını aça bilməsə də, daim meydana çıxır.
Türkiyədəki digər təmsilçimiz – Sərtan Taşkın da “Manisapor”un əsas heyət oyunçusudur. Monqolustan və Bolqarıstan qarşılaşmaları üçün 25 yaşlı futbolçunu da heyətə daxil etmək olar.