featured-image-43158

“Zirə” Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Səbail”i 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismətə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Bu, komanda üçün əlavə motivasiyadır. Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq.

– Qisməti oynatmamağı düşünürdüz?

– Planda yox idi ki, onu oynadaq. Sadəcə ikinci hissənin 60-cı dəqiqəsindən sonra rəqib o cinahda çox aktiv idi. Özü də oynamağa razılıq verdi. Oynadı. Ondan sonra o cinahdakı problemimiz həll edildi.

– Davit Volkov “Zirə”yə gəlir?

– İki klub arasında danışıq olub. Qarşı tərəfdən cavab gözləyirik. Bu gün gecə 00:00-a kimi vaxtımız var. İstərdik ki, onu heyətimizdə görək.

– İlk oyunda da qələbə qazanmışdınız. Həmin görüşlə bugünkü matç arasında hansı fərq oldu?

– “Səbail” elə rəqibdir ki, “Qarabağ”la matçda 5-6 qol epizodu yaradır və fərqlənir. O riski gözə alıb, düşündük ki, hücumu biz edək. Qol buraxsaq da, qollar vuraq. “Səbail”lə matçda tam müdafiədən oyun qurmaq mənasızdır. Bu gün çalışırdıq ki, çox qol vuraq.

– Rəhim Sadıxovun qeydə alınmayan qol epizodu haqqında nə düşünürsünüz?

– Epizoda diqqətlə baxdıqdan sonra fikir bildirirəm. Dinamikada ofsayda oxşatmadım. 6 dəqiqə pauza oldu. Oyun nəzarətimizdə idi. Rəqib qol buraxıb, özünə gəlir. Qolun sayılması rəqibə motivasiya oldu. Bu qərarlar tez verilməlidir. Yəqin ki, çətin epizod idi.

– Ceyhun Nuriyev və Rafael Utziq istədiyiniz səviyyəyə çatıb?

– Hər ikisi istədiyimiz səviyyədədir. Hücum xəttimizi gücləndiriblər.

– Kubokda iki oyunda 5 qol vurdunuz, çempionatda isə qol vurmaqda çətinlik çəkirsiniz…

– Bu mövsüm ilk oyunumuzdur ki, üç top fərqi ilə qalib gəldik. Oyunlar var ki, epizodlarımız çox olub. Futbolçularıma dedim ki, bu gün son vuruşlarda soyuqqanlı oynadıq. Ona görə də fərqli nəticə oldu və inamlı qələbə qazandıq.

– Razısınız ki, “Zirə” öz oyununu oynayanda hakimlər də aciz qalır…

– Bu oyunlar hamının yaddaşında bizimki kimi qalmır. Bir çox oyunları yaxşı keçirsək də, istədiyimizi əldə etməmişik. Oyun olsa, nəticə gələcək. Təsadüfi qələbələrin gələcəyi olmur. Daha inamlı olduqda, daha yaxşı oynadıqda, hakim səhvi də gözə görünmür. Ona da güc lazımdır ki, belə məqamlarda rəqiblərdən ekstra güclü olasan. Biz o gücdə deyilik. 6-7 komanda eyni səviyyədədir.

– Sizcə, avrokuboklara kubokdan, yoxsa çempionatdan daha rahat vəsiqə qazana bilərsiniz?

– Görünən odur ki, hər iki tərəfdə güclü rəqabət gedir. Yarmfinala çıxdıq, işimiz daha çətindir. Geniş heyətimiz olsa, daha yaxşıdır. İtkilərdən əziyyət çəkirik. 5-6 oyunçudan məhrumuq. Vladislav Kulaç dünən məşqdə zədələndi. Üç il yarımdır komandadayam, amma nominal hücumçu oynada bilmirəm.

– Kuboku qazanmaq şanslarınızı necə dəyərləndirirsiniz?

– Qarşıdakı oyunlara köklənəcəyik. “Araz-Naxçıvan” və “Qəbələ” ilə matçlarımız gərgin keçib. Hansı yarımfinala çıxsa, iddialı olacaq. Mərhələnin taleyi rəqib meydanında həll olunacaq. Hazırda məcburuq ki, kuboku kənara qoyub “Sumqayıt” və “Neftçi” ilə oyunları düşünək.

– Legioner limiti ilə bağlı fikriniz necədir? Hazırkı limit klubların çıxışına nə dərəcədə təsir edir?

– 7+4 yaxşı effekt verdi. Bütün klubların keyfiyyəti qalxdı. Əvvəl məcburiyyətdən 19-20 yaşlı oyunçu oynadırdıq. O aradan qalxdıqdan sonra komandanın keyfiyyəti artdı. İndi heç bir komandanı digərindən ayırmaq olmur. Bir “Qarabağ” və “Neftçi”ni çıxmaq şərtilə. Legionerlərimizin sayı artdı, milli üzvləri də oynayır. 8+3 limitini təhlil etmək lazımdır. Yerli futbolçu yoxdur, qıtlıq çəkirik. Üç oyunçumuz var, onu da icarəyə götürmüşük. 8+3 limitinin heç bir zərəri olmayacaq. Çox ciddi şəkildə yerli qıtlığı var. Heyəti gücləndirmək üçün əvəzedici komandadan və ya birinci liqadan oyunçu tapa bilmirsən. Demişdim ki, 3-4 ildən sonra yerli futbolçularla bağlı ciddi problem yaşayacağıq. Bir neçə oyunçu milliləşdi. Fikir verin, klublarımız nə qədər milliləşmiş oyunçulardan istifadə edir.

– Keçən il “Şamaxı” göstərdi ki, ən aşağısı 5-6 yerli oyunçu çıxarmaq olur. Baş məşqçilərimiz hazır məhsul istəyirlər…

– Yetərincə yerli oyunçuya şans vermişəm. Azərbaycanda yetişən yerlilərdə rolumuz var. Amma bu gün gənclərə şans versəm, “Neftçi”, “Sabah”, “Qarabağ”la rəqabət aparmaq çətin olar Tələblər belə olanda, sənin də hədəflərin futbolçu yetişdirmək yox, hazır oyunçu götürüb nəticə vermək olur. Məqsədimiz orta sıralarda qalmaqdırsa, razıyam. Sizin də məndən gözləntiniz o olsa ki Rəşad yerli futbolçu qazandırsın, hədəfimi buna uyğun qoyaram. İstəyirəm ki, nəticə olsun. Onda da hazır futbolçulara üstünlük verirsən. İsmayıl, Rüstəm “Qarabağ”da oynamır. Fuad Bayramov keçən il ilk dəfə yüksək liqada idi. İlkin Muradov, Hacıağa Hacılının da adını çəkərəm.Ceyhun Nuriyev hazır məhsul idi. Legioner tapmaq çətindir, qalmışdı ki, yerli oyunçu.

– Vaxtilə Cəlal Hüseynova güvənmisiniz. Əvəzedici heyətdə onun səviyyəsində oyunçular var?

– Perspektivli oyunçular var, amma Cəlal səviyyəsində yoxdur.

– Futbolçularınızın tez-tez zədələnməsi nə ilə bağlıdır?

– Eyni sözü bu dəqiqə danışdım. Cibrilla İssa və Vladislav Kulaç bərpa məşqində zədələnib. Xüsusi yükləmə verməmişik. Rüstəm oyun zamanı zədələndi. O da 4-5 gün dincəldi, meydana 10 dəqiqə idi çıxmışdı, zədələndi. Paxtmanın adi epizodda çarpaz bağları qopdu. Çantakiası qoruduq, 15-20 dəqiqə oynamasını istədik, zədələndi. Məşqçilərlə danışırıq ki, səbəbi nədir. Ya düzgün hazırlaya bilmirik, ya da yorğunluq olur. (sportal)

Bənzər xəbərlər