featured-image-29982

“Zirə”nin müdafiəçisi Nemanya Ancelkoviçin Msport.az saytına müsahibəsi

Premyer Liqanın son turunda “Kəpəz”i məğlub edə bilmədiniz və vacib xallar itirdiniz. Oyunu necə şərh edərdiniz?
– Hamımız “Kəpəz”ə qalib gələcəyimizi gözləyirdik, amma buna nail olmadıq. Bu, sadəcə futboldur. Sona qədər mübarizə aparmalı və təslim olmamalıyıq.

4-cü yer uğrunda əsas rəqibiniz “Qəbələ” isə ötən tur evdə “Turan Tovuz”a uduzdu. Yəqin ki, “qırmızı-qaralar”ın məğlubiyyətinə öz heç-heçənizə üzüldüyünüz qədər sevindiniz…
– “Qəbələ” ilə 4-cü yer uğrunda mübarizə aparırıq, qarşıda daha 2 oyunumuz var. İmkan daxilində qalib gəlib avrokuboklara getməyə çalışacağıq.

Riyazi olaraq şanslarınız davam edir. Özünüz necə, buna inanırsınız?
– Hə, şans var. Amma futbolda heç nəyi əvvəlcədən bilmək olmur. Ona görə də bu idman növü sona qədər maraqlı keçir. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

Necə düşünürsünüz, “Zirə” niyə bu mövsümü potensialından aşağı keçirdi?
– Düşünürəm ki, bu mövsüm bəzi məqamlarda bəxtimiz gətirmədi. Amma iddia edirəm ki, “Zirə” Avropada oynamağa layiqdir. Keçən il kuboku qazanmağa da layiq olduğumuzu göstərdik. Amma uğur qazana bilmədik. Çünki penaltilər seriyası lotereyadır. Mənim üçün heç nə itirilməyib. Daha 2 oyunumuz var və nə baş verəcəyini görəcəyik.

Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Rəqib kifayət qədər güclüdür. Bu görüşdə mümkün xal itkisi və ya məğlubiyyət avrokubok arzunuzun üstündən xətt çəkə bilər. Qorxmursunuz?
– Mən heç kimdən qorxmuram, bunun üçün səbəb də yoxdur. Biz qalib gələcəyik və buna layiq olduğumuzu göstərəcəyik.

– “Zirə” ilə müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Gələcəyinizlə bağlı qərar vermisiniz?
– Bəli, “Zirə” ilə müqaviləm başa çatır və mən azad oyunçu olacağam. Təklifim var, amma hələ heç nəyə qərar verməmişəm.

Bənzər xəbərlər