"Zirə" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi - VİDEO
Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, mövsümün ikinci yarısında qeyri-sabit çıxış edən “Zirə” növbəti dəfə büdrəyib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv öz meydançasında “Turan Tovuz”la heç-heçə edib. Qonaq komanda erkən qolla hesabı açıb. 11-ci dəqiqədə Belajdi Pusi fərqlənib. Bu azmış kimi, bakılılar fasilə ərəfəsində meydançada azlıqda qalıblar. 43-cü dəqiqədə rəqibini qapıçı ilə təkbətək qalmaq hüququndan kobudluqla məhrum edən İssa Cibrila birbaşa qırmızı vərəqə alıb.
“Zirə” 10 nəfərlə çıxış etməsinə baxmayaraq, 62-ci dəqiqədə “status-kvo”nu bərpa edib. Təyin olunan penaltini Ceyhun Nuriyev dəqiq yerinə yetirib. Tovuzluların qalan dəqiqələrdəki cəhdlərinə baxmayaraq, qələbə qolunu vurmaq mümkün olmayıb.
Beləliklə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra “Zirə” xallarının sayını 36-ya, “Turan Tovuz” isə 32-yə çatdırıb.
Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib. Bu gün “Sabah”la “Araz-Naxçıvan” üz-üzə gələcək. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.