3 ay futboldan kənarlaşdırılan Mirbağır İsayev: "Etdiyim hərəkətin arxasında dururam"
“Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayev AFFA İntizam Komitəsi (İK) tərəfindən cəzalandırılmasına münasibət bildirib.
Msport.az xəbər verir ki, 3 ay müddətinə futboldan kənarlaşdırılan mütəxəssis heç kimi təhqir etmədiyini söyləyib. O deyib ki, hakimin protokolda nə yazdığını bilmir:
“Referini yaxşı tanımıram. Deyəsən, adı Məhəmməddir. Çünki onu “Maqa” kimi çağırırlar. Oyun ərzində onunla bir neçə dəfə görüşmüşəm. Çünki bizim qonağımız idi. Hörmət etməyə borcluyuq. Etdiyim hərəkətin arxasında dururam. Söyüş söysəydim, deyərdim ki, etmişəm. Sadəcə, qərarlarına etirazımı jestlə bildirmişəm. Əlimi uzadıb geri çəkmişəm. Onunla görüşmək istəməmişəm”.
O, referinin bu jesti təhqir kimi qəbul etdiyini söyləyib: “İnsandır, fikirlərinə hörmətlə yanaşıram. Jest etdiyimi boynuma alıram. Protokolda niyə təhqir yazdığını isə bilmirəm. Oyundan sonra hakimləri yola salmaq üçün onlara yaxınlaşdım. Mənə dedi ki, Yaşar Abuzərov onu söyüb, bunu protokolda qeyd edəcək. Mən də söylədim ki, problem yoxdur. Belə bir şey varsa, yazın. Sonda isə dedi ki, sizin etdiyiniz jesti də yazacam. Mən də bildirdim ki, etmişəmsə, yaza bilərsiniz”.
İsayev qərara hörmətlə yanaşdığını qeyd edib: “Neçə il federasiyada işləmişəm, milli komandalarda çalışmışam. Mərhələ adlamışıq, bayrağımızı yüksəltmişik. Keçə bilməyəndə də istefa verib getmişəm. Ən azından buna görə qərara hörmətlə yanaşıram. Çünki İK üzvləri orada olmayıblar. Hakim nə yazıbsa, ona uyğun qərar veriblər”.
Mütəxəssis artıq qərardan apellyasiya verildiyini gizlətməyib: “Klub rəhbərliyi daim yanımdadır. Mənə inanırlar. Bundan sonrakı qərara da hörmətlə yanaşacağam”.







