Adil Nağıyev: "Qurbanovla münasibətimiz yaxşı deyildi"
“Səbail”in futbolçusu Adil Nağıyevin Msport.az saytına müsahibəsi
– “Şamaxı” ilə icarə müqaviləniz cari mövsümün sonunadək olsa da, vaxtından əvvəl “Səbail”ə qayıtdınız. Bu, necə baş verdi?
– Yeni baş məşqçi Şahin Diniyev məni komandada görmək istəyirdi. Həm də Şamaxıda ailəmdən uzaq idim. Orada qalmağım alınmırdı. Bu mənada problemlər var idi deyə, komandadan ayrılmalı oldum. Əvvəlcə “Səbail”, daha sonra isə “Şamaxı” ilə danışdım. Nəticədə müqaviləyə xitam verildi və mən paytaxt klubuna qoşuldum.
– “Şamaxı”da artıq öz oyununuzu tapmışdınız və əsas heyət üzvü idiniz. “Səbail”də isə oynayıb-oynamayacağınız dəqiq bilinmir…
– Əlbəttə. Amma çox şey futbolçunun özündən asılıdır. “Şamaxı”nın məşqçilər heyəti sağ olsun, mənə güvəndi. İndi “Səbail”də də özümü sübut edəcəm ki, Şahin Diniyev də mənə daim inansın.
– “Səbail”də daim əsas heyətdə olacağına dair zəmanət verilib?
– Heç bir yerdə heç kimə zəmanət verilmir ki, sən start heyətində olacaqsan. Bu, futbolçunun özündən asılıdır. Baş məşqçi məni komandaya geri qaytarıbsa, deməli, güvənir. Mən həm məşqdə, həm də oyunlarda özümü yaxşı tərəfdən göstərməliyəm ki, start heyətindəki yerimi qoruyum.
– Bir məqam da var ki, “Şamaxıda” hazır komanda idi, “Səbail” isə hər şey yenidən qurulacaq. Çətin olmayacaq?
– Xeyr, “Səbail”də hamını yaxşı tanıyıram. Çox futbolçu ilə bir yerdə oynamışam. Heç bir çətinlik olmayacaq.
– Mahmud Qurbanovun istefası barədə nə deyə bilərsiniz?
– Bu barədə danışmaq istəmirəm.
– Hamı bilir ki, Qurbanovla münasibətiniz yaxşı deyildi. Yəqin razılaşarsanız ki, “Səbail”dən getməyinizin əsas səbəbi Mahmud müəllim idi. Özünüzə qarşı haqsızlıq olduğunu düşünmürsünüz?
– Düzdür, münasibətimiz yaxşı deyildi, mənə qarşı haqsızlıq oldu. Amma nə etmək olar, futbolda hər şey var. Baş məşqçi olaraq qərarı o verdi, mən də hörmətlə yanaşdım və “Şamaxı”ya getdim. Orada daha da artırdığımı qeyd edə bilərəm.
– Bu mənada haqq-ədalətin yerini tapdığına hardasa sevinirsiniz?
– Mən nəyəsə görə sevinmirəm. Onsuz da həyatda haqq gec-tez öz yerini tapır.
– Yəqin ki, mövsümün ikinci yarısında “Səbail”də güclü rəqabət olacaq. Buna hazırsınız?
– İstənilən rəqabətə hazıram. Bu, futbolçunun inkişafı üçün çox yaxşıdır.
– “Səbail” hazırda 10 xalla turnir cədvəlində sonuncudur. Komandanı bu durumdan çıxarmaq üçün nə lazımdır?
– Baş məşqçi dəyişikliyinin komandaya yaxşı mənada təsir göstərəcəyinə inanıram. İlk növbədə ab-hava yaxşı olmalıdır. Hər kəs psixoloji cəhətdən inanmalıdır ki, biz daha yaxşı yerlərə layiqik. Məşqlərdə yaxşı çalışıb qələbə ruhunu geri qaytarmaq lazımdır. Həmçinin, bir-birimizə inanmalıyıq.