“Bütün məsuliyyəti öz üzərimə götürürəm” – Zaur Həşimov
Şəfa” Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olub.
Msport .az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Zaur Həşimov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Oyun haqda geniş danışılası bir şey yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdəcə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib əks-hücumda oynayacaqdı. “Qəbələ” bizim kritik səhvdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Düşünürdük ki, artıq “qara zolaq”dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı.
– Bu vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürsüz?
– Şikayət etməyi sevmirəm. Amma görürsüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular – kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq.







