“AFFA Nazarovun sənədlərini hazırlamağa başlayanda Qazaxıstan ayıldı”
“2013-cü il idi. Onda Nazarov “Karlsrue”də oynayırdı. Onu qazaxlara təklif etdim, dedim ki, yaxşı futbolçu var, Qazaxıstanda doğulub, millidə oynamaq istəyir. Onlar bu variantı çox uzun müddət – bir neçə ay düşündülər”.
Msport.az xəbər verir ki, bu sözləri Almaniyada yaşayan skaut Miron Qoyxman Qazaxıstan Futbol Federasiyasının Dmitri Nazarovu əldən verməsi barədə danışarkən deyib.
O bildirib ki, AFFA futbolçudan xəbər tutan kimi onu yığmaya cəlb etməklə məşğul olmağa başlayıb: “Bu, sırf təsadüf nəticəsində olmuşdu. Hansısa oyunda Azərbaycan millisinin o vaxtkı baş məşqçisi Berti Foqts Dmitrini görüb. Oğlanın soyadı rusdur, bundan istifadə edib hərəkətə keçdilər. Nəticədə Foqts onu öz komandasında oynamağa dəvət etdi. Nazarov təəccüblənərək Azərbaycanla heç bir əlaqəsinin olmadığını deyib. Foqts isə cavab verib ki, problem yoxdur, biz hər şeyi edəcəyik. Futbolçunun özü mənə zəng edib nə edəcəyimi soruşdu. Foqts dayanmadan ona təzyiq edir, qazaxlar isə hələ də bu haqda düşünürdülər. Nəticədə yaxşı futbolçunu itirdik. Azərbaycan sənədləri hazırlamağa başlayanda Qazaxıstan ayıldı. Mənimlə əlaqə saxladılar və Nazarovu yığmaya dəvət etdilər. Amma artıq çox gec idi”.
Qeyd edək ki, Dmitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qol vurub.