featured-image-47804

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Carlsberg Azerbaijan” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Msport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulisin qatıldığı tədbirdə şirkət rəsmiləri, futbolçular və media nümayəndələri də iştirak ediblər.

Müqaviləyə əsasən, “Xırdalan 0.0” alkoqolsuz pivəsi əsas milli komandanın sponsoru olub. Şirkət millinin oyunlarında sponsor qismində çıxış edəcək, eyni zamanda, Azərbaycan futbolunun inkişafına töhfə verəcək müxtəlif sosial kampaniyaların tərəfdaşı olacaq.

AFFA ilə “Carlsberg Azerbaijan” şirkəti arasında sponsorluq müqaviləsi 4 il müddətinə imzalanıb, lakin tərəflərin məqsədi daha uzunmüddətli əməkdaşlıqdır.

“Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis tədbirdə bu sponsorluqla Azərbaycan futboluna dəstək olacaqlarını qeyd edib: “A milli komanda ilə bu gün təməli qoyulan əməkdaşlıqdan çox məmnunuq. “Xırdalan 0.0” yerli arpadan Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivədir və bu keyfiyyətli məhsulla ölkəmizdə idmanın inkişafını dəstəkləməkdən qürur duyuruq. AFFA-nın prioritetlərinə əsasən, stadionlarda azarkeş sayının artırılması, gənclərdə futbola marağın gücləndirilməsi, sosial layihələrin həyata keçirilməsi üçün birgə çalışacağıq. İnanıram ki, birgə atılan addımlar nəticəsində qısa müddətdə Azərbaycan futboluna böyük töhfə verməyi bacaracağıq”.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığını bildirib: “Azərbaycan futbolu üçün əlamətdar günlərdən birini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına “Carlsberg Azerbaijan” da qoşulur. Bundan sonra “Carlsberg Azerbaijan”ın “Xırdalan 0.0” pivəsi kişilərdən ibarət A milli komandamızın sponsorlarından biri olacaq. İnanıram ki, bu əməkdaşlıq uzunmüddətli olacaq və hər iki tərəf bundan faydalanacaq”.

Bənzər xəbərlər