featured-image-81786

Çempionata yeni  bismillah eləmişdik ki, yenə aləm dəydi bir-birinə. “Turan Tovuz” – “Şamaxı” oyununda az qala bütün ölkə topun qapı xəttini keçdiyini görsə də, hakimlərin bundan xəbəri olmadı. Referi Rauf Cabarovu başa düşdük, həmin anda onun topu qapı xəttini keçməsini görməsi demək olar, mümkünsüz idi. Bəs yan xətt hakimləri və ya VAR-da oturan Vüqar Həsənli?  Onlar ki, epizodu iki-üç dəfə hərləyib-fırladıb baxa bilirlər. Necə ki, ötən mövsümdə dəfələrlə gördük: lazım olmayan yerdə, heç kimi baxıb anlamadığı halda VAR hakimləri quyunun dibindən neft çıxaran kimi nəsə tapıb çıxarırdılar.

Özü də bilirsiniz, nə maraqlıdır? Yeni mövsümün ilk hakim qalmaqalı da “Turan Tovuz”un oyununda baş verdi. Gəl indi bütün bunların təsadüfi olduğuna inan. Ötən mövsüm Azərbaycan kubokunun “Zirə” ilə oyunundan sonra Tovuz klubunun rəhbəri Ehtiram Quliyevin hakimlər haqqında dediyi ifadələr yəqin ki, yadınızdadır? “Haqqımız Əliyar Ağayevin haramı olsun” ilə başlayan çıxış çoxlarının yadındadır. Yenə də “Turan Tovuz”, yenə də hakimlərlə bağlı ciddi hadisə.

Əslində bu cür məqamlarda hakimləri çox da qınaya bilmirəm. Çünki necə deyərlər, balıq başdan iylənər. Bu gün Hakimlər departamentinə oyundankənar vəziyyəti AFFA-ya gəldikdən sonra öyrənən adam rəhbərlik edirsə, məncə, artıq sözə ehtiyac qalmır. Ümumiyyətlə, son dönəmlər AFFA-da hər şey “qeydirmə”dir. Sanki federasiyada hər kəsin başı ixtisarlara və Mətbuat şöbəsində beş-on manat halal zəhməti ilə pul qazananları işdən çıxarmağa qarşıb.

Federasiyada futbol adamları günü-gündən azalmağa başlayır. Yəqin ki, bir müddət sonra AFFA abreviaturası AFLA-ya (Azərbaycan Futbol Lotoreyaları Assosiyasiyası) dəyişəcək.

Arada da gözdən pərdə asmaq üçün “Sabahın ulduzları” turnirinə dəstək olub, “uşaq futbolunu inkişaf etdiririk” deyəcəklər, ya da legioner limitini özlərinin ləğv etdiyini unudub, dolayısı ilə klubların üstünə düşəcəklər ki, “niyə yerli oynatmırsız?”

Hələ 2-ci tur tam başa çatmayıb (“Sabah” və “Qarabağ”ın oyunları təxirə salınıb) belədir. Gör, qarşıda bizi hansı həngamələr gözləyir.

Bənzər xəbərlər