Aftandil Hacıyev: "Bu, tək "Qarabağ"ın problemi deyil" - MÜSAHİBƏ
“Qarabağ” Futbol Akademiyasının yeni koordinatoru Aftandil Hacıyevin Msport.az saytına müsahibəsi
– Bir vaxtlar futbolçu kimi çıxış etdiyiniz “Qarabağ”a yeni statusda qayıtdınız. Təəssüratlarınızı bilmək maraqlı olardı…
– Bu komanda mənə yad yer deyil. 3-4 klubda oynamışam, onlardan biri də “Qarabağ” olub. Bu komanda mənə futbolçu vaxtımdan doğmalaşıb. Üzərimdə böyük əməyi olub. Məşqçi kimi də ilk addımlarımı burada atmışam.
– Bildiyim qədərilə başqa təklifləriniz də var idi…
– Bəli, doğrudur. Amma aralarında mənə ən çox dəyər verən “Qarabağ” rəhbərliyi oldu. Ona görə də bu işi qəbul etməyi özümə borc bildim.
– Səhv etmirəmsə, “Qarabağ” rəhbərliyi sizi çoxdan bu vəzifədə görmək istəyirdi. Vəzifənin bu qədər uzanmasına nə səbəb oldu?
– Bilirsiniz ki, bu postda çalışan var idi. Həmin vaxt mənə təklif gələ bilməzdi. Məhz post boşaldıqdan sonra danışıqlar başladı. Amma başqa təkliflərim var idi və onlarla danışıqları başa çatdırmalı idim. Yekunda seçimlər arasında “Qarabağ”ı üstün tutdum.
– Rəhbərliklə görüşdünüz. Qarşınıza hansı vəzifələr qoyuldu?
– Hər bir akademiyanın məqsədi əsas komanda üçün gənc futbolçular yetişdirməkdir. Bizim də başlıca hədəfimiz istedadlı oyunçuları üzə çıxarmaq və inkişaf etdirməkdir. “Qarabağ”ın yerli futbolçu baxımından da tələbi böyüyüb. Hər oyunçu əsas heyətə düşə bilmir. Aşağı yaş qruplarına diqqətimizi artırıb gələcəkdə əsas komandada oynaya biləcək futbolçular yetişdirmək istəyirik.
– Hərdən “Qarabağ” aşağı yaş qruplarına yetəri qədər diqqət ayırmadığı üçün tənqid olunur. Əslində bu, tək Ağdam klubunun deyil, ümumilikdə, Azərbaycan futbolunun yaralı yerlərindən biridir. Siz bu problemi necə aradan qaldırmağı düşünürsüz?
– Bu problem həqiqətən mövcuddur və tək “Qarabağ”a aid deyil. Uşaq futbolunda dirçəlişə ehtiyac var. Hardansa başlamaq lazımdır. Bu barədə söhbətimiz oldu. Gəncləri motivasiya etmək üçün indikindən daha yaxşı şərait yaratmaq lazımdır. Gənclərə nə lazımdır? Meydança, top, inventar və turnirlər. Bu istiqamətdə inkişafa ehtiyac var. Burada məşqçilərin də üzərinə yük düşür. Rəhbərliklə əl-ələ verib bu istiqamətdə yaxşı işlər görməyə çalışacağıq.
CAHİD