featured-image-30531

AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak edən 7 şəxsi futboldan uzaqlaşdırıb.

I Divizionda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə xəbərdar olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub.

Adları çəkilən oyunçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.

Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olmağı qadağan edilib.

Gələn mövsüm AFFA və PFL-in işi çox çətin olacaq. Növbəti çempionatda  Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri I divizionda mübarizə aparmayacaqlar. Əvəzində Region Liqasından 5 klubun I dəstədə oynamasına imkan yaradılacaq. Amma bütün bunlar divizionda oyun alqı-satqısının kökünü kəsəcəkmi? Bax, bu, çöx çətin görünür. Hiss olunur ki, bir çoxlarının I diviziona gəlmək arzusu təkcə dövlətin ayırdığı 300 minə sahib olmaqla bağlı deyil. İllərdir aşağı liqaya qumar yeri, qazanmaq mənbəyi kimi baxılır. Gələn mövsüm MOİK yenə I divizionda çıxış edəcək. Kim təminat verir ki, yenə ordu klubunun futbolçuları bu cür çirkin işlərə baş qoşmayacaqlar.

İllərdir ona görə deyirik ki, divizionun qalibi Premyer Liqaya çıxmalıdır, yuxarıdan isə bir kollektiv aşağı düşməlidir. Yoxsa, komandalar nəyin xətrinə, hansı maraqlara görə  I dəstədə vaxt keçirirlər. Təsəvvür edin ki, divizionda futbolçuların orta aylıq əməkhaqqısı 600-700 manatdır. Bu maaşla oynayan futbolçu təbii ki, əlavə qazanc yerləri də axtarmalı olacaq.

Bir neçə ildir ki, AFFA I divizionda danışılmış oyunların qarşısını almağa çalışır. Lakin son hadisələr də göstərdi ki, buna nail olmaq asan məsələ deyil. Gələn isə yeni komandaların gəlişi ilə vəziyyət daha da qəlizləşəcək. Görək, AFFA və PFL bu işin öhdəsindən necə gələcək?

AYXAN 

 

Bənzər xəbərlər