featured-image-33277

“Araz-Naxçıvan”ın yeni məşqçisi Əfran İsmayılovun Msport.az saytına müsahibəsi

– Premyer Liqanın debütantına keçidiniz necə baş tutdu?
– Azər Bağırovla illərdir bir-birimizi tanıyırıq. Hələ ötən mövsüm başa çatdıqdan sonra məni məşqçilər heyətində görmək istədiyini bildirmişdi. Sadəcə, rəhbərlik söhbətinə görə tərəddüd edirdim. Üstəlik, həmin vaxt “Səbail”dən Mirbağır İsayev təklif göndərmişdi. Rəhbərlik məsələsinə görə İsayevin təklifini üstün tutdum. Evimin içi idi, “Səbail” idi. Mirbağır müəllim xətrini çox istədiyim insanlardan biridir. Buradan ona təşəkkürümü bildirirəm ki, mənə görə əziyyət çəkdi, komandasına götürdü. İki aya yaxın “Səbail”də işlədim. Daha sonra Zaur müəllim klubun başına keçdi və məni yığaraq orada olmağımı istədiyini dedi. Mən də “Səbail” rəhbərliyi ilə halallaşıb-sağollaşdım. Sağ olsunlar, məni anlayışla qarşıladılar. Artıq “Araz-Naxçıvan”dayam. Çalışacağam ki, buraya da xeyirim dəysin. Komandanın uğurları üçün əlimdən gələni edəcəyəm.

– Premyer Liqa səviyyəsində ilk məşqçilik təcrübəniz olacaq. Həyəcanlı deyilsiniz?
– Yox, o qədər də həyəcanlı deyiləm. Əsas liqada ilk işimdir. Təcrübə toplamağa çalışacağam. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Gələcəkdə daha böyük uğurlara imza atmaq istəyirəm.

– Sabiq komandanız olan “Qarabağ” ötən gün Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəldi. Azərbaycanın çempionunun çıxışı barədə nə deyə bilərsiniz?
– Çətin qələbə oldu. Belə olacağı bilinirdi. Çünki rəqibi yaxşı tanımırdılar, süni meydançada oynayırdılar. Həmçinin, belə komandalar qapanırlar, onlara qol vurmaq çətin olur. Oyundan əvvəl demişdim ki, “Qarabağ” təcrübə hesabına qalib gələcək. Belə də oldu.

– “Qarabağ”ın oyununda hansı çatışmazlıqları gördünüz?
– Ciddi problem yox idi. Sadəcə, ilk oyun olduğu üçün komanda psixoloji və fiziki cəhətdən tam hazır deyildi. Bununla belə, oyunçu keyfiyyətlərinə görə qalib gəldilər. Təbrik edirəm, “Qarabağ” bizim uğurumuz və qürurumuzdur. Ümid edirəm ki, qrupa düşərlər.

– Bəs, cavab görüşündən nə gözləyirsiniz?
– Düşünürəm ki, “Qarabağ” Bakıda asan qələbə qazanacaq.

– “Qarabağ” bu mərhələni keçsə, növbəti raundda böyük ehtimalla Polşa “Rakuv”u ilə qarşılaşacaq. Bu rəqibi necə dəyərləndirirsiniz?
– Polşa çempionudur. Burada zəif rəqib olmur. Ciddi hazırlaşmaq lazımdır. Qurban Qurbanov ən yaxşısını və ən doğrusunu özü bilir. Komandanı yaxşı hazırlaşdırıb istədiyi yerə çatdıra bilər. Amma ondan əvvəl cavab oyunu var. Arxayınlaşmaq olmaz.

Bənzər xəbərlər