Avrokuboklara vəsiqənin taleyi həll olunur - Kim daha şanslıdır?
Azərbaycan Premyer Liqasında bu gün 2023\2024-cü illər mövsümünə yekun vurulacaq. “Qarabağ” 1-ci yeri özünə çoxdan təmin edib və Çempionlar Liqasında mübarizə aparacaq. Digər 4 klub – “Neftçi”, “Zirə”, “Sabah” və “Sumqayıt” isə avrokuboklara vəsiqə uğrunda son döyüşə çıxacaqlar. Adları çəkilən komandalardan biri bugünkü oyunlardan sonra Avropa xəyallarının üstündən xətt çəkməli olacaq. Bəs hansı komanda daha şanslıdır?
Son tur öncəsində turnir cədvəlində vəziyyət belədir:
2. “Neftçi” – 56 xal. Top fərqi +12
3. “Zirə” – 55 xal. Top fərqi +10
4. “Sabah” – 55 xal. Top fərqi +9
5. “Sumqayıt” – 54 xal. Top fərqi -2.
Son turun təqvimi:
“Neftçi” – “Sabah”, “Zirə” – “Səbail”, “Sumqayıt” – “Qəbələ”.
“Neftçi”
“Ağ-qaralar” “Sabah”a qalib gəlsə, digər oyunların nəticələrindən asılı olmayaraq, 2-ci yeri özünə təmin edir.
“Neftçi” “Sabah”la heç-heçə etsə, o zaman turnir cədvəlində vəziyyət belə olacaq: “Neftçi” – 57, “Sabah” – 56. “Zirə” və “Sumqayıt” qələbə qazansa, “Zirə” – 58, “Sumqayıt” – 57. Belə olan halda “Sabah” avrokuboklardan kənarda qalır.
“Neftçi” məğlub olarsa, “Sabah” xallarının sayını 58-ə çatdırır. Bu halda “Zirə” ilə “Sumqayıt” ən azı heç-heçə etməlidir ki, Bojoviçin komandasının şansı olsun.
Bir məqamı da vurğulayaq ki, “Zirə” ölkə kubokunu qazansa, turnir cədvəlindəki mövqeyinə baxmayaraq, Avropa Liqasında çıxış edəcək.
“Zirə”
“Zirə” “Səbail” üzərinə qalib gəlsə, xallarının sayını 58-ə çatdırır və “dördlük”də yerini təminat altına alır. Rəşad Sadıqovun komandası “Səbail”lə bərabərə qalsa, 56 xalı olur. “Sumqayıt və “Sabah” öz oyunlarını qələbə ilə başa vyursalar, o zaman “Neftçi” ilə “Zirə”nin xalları bərabərləşir – 56. Öz aralarındakı oyuna görə, üstünlük “Zirə”nin tərəfindədir.
“Zirə” əgər “Səbail”ə uduzsa, “Sumqayıt” və “Neftçi” qalib gəlsə, yenə “Zirə” “Sabah”ı qabaqlayır. “Zirə” məğlub olsa, “Sumqayıt” və “Sabah” öz oyunlarını qalibiyyətlə başa vursalar, qəsəbə təmsilçisi “dördlük”dən kənarda qalacaq.
“Sabah”
Renduliçin komandası mütləq “Neftçi” üzərində qələbə qazanmalıdır. Əgər “Sabah” bərabərə qalarsa, “Zirə” və “Sumqayıt” qalib gələrsə, “Sabah” avrokubok xəyalları ilə vidalaşacaq.
“Sumqayıt”
Samir Abasovun komandası öz meydanında “Qəbələ” qarşısında favoritdir. Meydan sahibləri bu gün stadiona girişi də ödənişsiz edib ki, arena dolsun. Amma “Qəbələ” son iki matçda qalib gəldiyindən müəyyən tərəddüd yaranır. Ehtimal da var ki, “Neftçi” və “Sabah” kimi klublar “Qəbələ”yə mükafat qoysun.
“Sumqayıt”a da mütləq qələbə lazımdır. “Gənclər şəhəri” təmsilçisi heç-heçə etsə, “Sabah” uduzsa belə, Masazır klubu 4-cü yeri tutur. Çünki öz aralarındakı oyunlarda “Sabah” üstündür.
Ümid edək ki, bu gün avrokuboklara vəsiqənin taleyinin həll olunduğu qarşılaşmalarda hakim səhvlərindən danışılmayacaq. Yeri gəlmişkən, AFFA hər 3 oyuna xaricdən VAR hakimləri dəvət edib.