featured-image-46707

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

Msport.az xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev Avropa çempionatını komandası üçün uğurlu adlandırıb: “Yığmamız 2 qızıl medal qazandı. Boksçularımızdan Bilalhəbaşi Nəzərovla Ömər Aslanlı bütün rəqiblərinə qalib gələrək, Xorvatiyada Azərbaycan himnini səsləndirdi. Nəticədə oğlanlardan ibarət yığmamız Avropa birinciliyində komanda hesabında 3-cü yeri tutdu. Digər boksçularımızın da şansları vardı. Çatışmazlıqlar üzərində işləyəcəyik. Növbəti hədəf noyabrda baş tutacaq dünya birinciliyi olacaq. Həmçinin böyüklərdən ibarət milliyə güclü boksçular yetişdirməyə çalışacağıq”.

Avropa çempionu Bilalhəbaşi Nəzərov (48 kq) bildirib ki, yarışa çox yaxşı hazırlaşdığı üçün heç bir döyüşdə çətinlik çəkməyib: “4 döyün hər birində inamlı qələbə qazandım. Qarşıda bizi dünya birinciliyi gözləyir. Çalışacağam ki, qitə birinciliyində əldə etdiyim uğuru orada da təkrarlayım”.

Poreçdə qızıl medal qazanan digər boksçumuz Ömər Aslanlı (54 kq) isə Xorvatiyada Azərbaycan himnini səsləndirdiyi üçün sevincli olduğu deyib: “Finalda ukraynalı rəqibimi asanlıqla məğlub etdim. Lakin 1/4 finalda döyüşdüyüm ingilis rəqiblə görüşüm bir qədər çətin alındı. Sevinirəm ki, əziyyətli olsa da qalib gəldim. Noyabrda dünya birinciliyində də uğur qazanmaq istəyirəm”.

Qeyd edək ki, Avropa birinciliyində 2 qızıl medal qazanan millimiz komanda hesabında Ukrayna və İngiltərədən sonra 3-cü olub.

Bənzər xəbərlər