Ayxan Abbasov Niderland nəhənglərinin düşərgəsində
“Turan Tovuz” klubunun idarə heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandamızın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyev Niderlandda səfərdədir.
Msport.az xəbər verir ki, səfərin əsas məqsədi buradakı qabaqcıl klubların əsas komandalarda tətbiq etdikləri yeniliklər, məşq prosesi, idarəetmə sistemi və struktur bölgüsü üzrə iş prosesi, akademiyaların fəlsəfəsi, infrastruktur layihələri və müasir texnologiyaların futbolda tətbiqini yaxından öyrənmək, təcrübə toplamaqdır.
Səfərin ilk günündə klub nümayəndələri son Niderland çempionu PSV-nin düşərgəsində olublar. Görüş zamanı akademiya koordinatoru Mitç van Gellek slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat etdikdən sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər haqqında geniş məlumat verib. Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak etməklə yerində müşahidə aparıblar. Burada da məşq prosesi barədə maarifləndirici məlumatlar verilib. Nümayəndələr daha sonra klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olublar. PSV-nin baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx əsas komandanın məşq və ümumi hazırlıq planları haqqında danışıb.
Səfərin ikinci günündə klub nümayəndələri “Feyenoord”un qonağı olublar. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis təqdimatla akademiyanın iş prinsipləri, istedadlı oyunçuların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları barədə məlumatları çatdırıblar. “Turan Tovuz”un nümayəndələri buradakı infrastrukturla yaxından tanış olublar və məşq proseslərini izləyiblər.