"Azarkeşlər və ictimaiyyət millimizə inanır" - Arif Əsədov
“Futbolçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar”
Msport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qazaxıstana 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qazanılan qələbəyə görə komanda üzvlərini təbrik edib: “Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.