featured-image-71303

“Neftçi” – “Kəpəz” oyunundan (5:1) sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov mətbuat konfransında gözünü yumub, ağzını açdı.

Rəvan Həmzəzadənin oyunu ideal idarə etdiyini deyə bilmərik. 18-ci dəqiqədə qonaqların qapısına penalti də məhz VAR müdaxiləsindən sonra təyin olundu.  Yaxşı ki, VAR-da oturan Rauf Cabarov həmkarını monitor önünə dəvət etdi ki, epizodu izləsin. “Neftçi”nin 87-ci dəqiqədə fərqləndiyi epizodda isə yan xətt hakimi Gülnurə Əkbərzadə səhvə yol verdi. O, bayrağını qaldırıb oyundankənar vəziyyət qeydə alsa da, VAR-dan fərqli qərar gəldi və səhv aradan qaldırıldı.

Yəni əslində 90 dəqiqə ərzində “Kəpəz”in əlehinə hər hansı ciddi hakim səhvi olmadı. Lakin mətbuat konfransında Azər Bağırov elə danışdı ki, sanki 5 qolun hamısının səbəbkarı hakimlərdir:

“Bilirəm ki, dinimizdə də üç hakimdən ikisi cəhənnəmlikdir. Qərarı verəndə fikirləşsinlər ki, kiminsə haqqına girməsinlər. Ötən matçda 11 dəqiqə oyun dayanır, ilk hissəyə 5 dəqiqə əlavə edilir. Çox şeylər olur. Yəqin, biz də vaxt keçdikcə təcrübə qazanarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikləri qərarlar onlara “yedizdiriləcək”. 

Arıtq birinci dəfə deyil ki, azərbaycanlı məşqçilər açıqlama verəndə hər şeyi gətirib dinlə əlaqələndirirlər. Bu, mütaliə azlığı, dünyagörüşünün zəif olması ilə bağlıdır. Bir-iki nəfəri çıxmaq şərti ilə məşqçilərimizin oxumaqla arası yoxdur. Oxuyanda da daha çox dini ədəbiyyata üstünlük verirlər. Bu dəqiqə sorğu keçirsən, böyük ehtimal, heç biri dünya miqyasında məşhur məşqçilərin avtobioqrafik kitablarını oxumayıb. Amma qəlyana və ya çay evlərində dominoya vaxt tapılır.

Dini tərəfi bir yana qoysaq, A.Bağırovun hakimlər haqqında səsləndirdiyi “verdikləri qərarlar onlara “yedizdiriləcək” ifadəsi çox ağır idi. Yəqin ki, AFFA İntizam Komitəsi bu məsələyə baxacaq. Belə rahat şəkildə, mətbuat konfransında kiminsə ünvanına hədə-qorxu gəlmək olmaz!

AFFA-nın İntizam Məcəlləsinin 53-cü maddəsinə diqqət yetirək:

Maddə 53. Hədə-qorxu və təzyiq
(1) Hər hansı şəxs tərəfindən oyun zamanı və ya onunla əlaqədar (o cümlədən oyundan
əvvəl və ya sonra) rəqib oyunçulara, hakimlərə, AFFA nümayəndələrinə, texniki heyətə və
digər iştirakçılara qarşı:
a) fiziki zorakılıq və ya zorakılıqla hədələmə;
b) ciddi qorxu və ya narahatlıq yaratmaq məqsədilə edilən şifahi və ya qeyri-şifahi təzyiq;
c) şəxsi təhlükəsizlik, karyera və ya mülkiyyətə qarşı yönəlmiş təhdid xarakterli ifadələr
işlədildikdə bu maddə ilə intizam məsuliyyətinə cəlb olunur.
(2) Təzyiq və ya təhdid ifadəsinin qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır:
• ifadənin konteksti, tonu və forması,
• qarşı tərəfə real təhlükə yaratmaq potensialı,
• tərəflər arasında mövcud münasibətlər və hadisənin əvvəlki tarixi,
• ifadənin ictimai və ya kütləvi şəkildə edilməsi.
(3) Bu pozuntu:
öz komandasının və ya rəqib komandanın oyunçusuna qarşı törədildikdə 3 (üç) oyundan 5
(beş) oyuna qədər oyuna buraxılmama, klub barəsində 4.000 (dörd min) manatdan 6.000
(altı min) manata qədər cərimə;
oyun rəsmilərinə, rəsmi şəxslərə, azarkeşlərə, habelə AFFA, onun üzvlərinin
əməkdaşlarına qarşı qarşı törədildikdə 4 (dörd) oyundan 8 (səkkiz) oyuna qədər oyuna
buraxılmama, klub barəsində 6.000 (altı min) manatdan 8.000 (səkkiz min) manata qədər
cərimə.

AFFA İntizam Komitəsi yəqin ki, bu maddə ilə “Kəpəz”in baş məşqçisini cəzalandıracaq. Hər haıda gözləyək, görək nə olur?

Bənzər xəbərlər