featured-image-45833

“Qarabağ” mövsümün başa çatmasına 8 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Çempionatın gedişində hamının tez-tez təkrar edib, səsləndirdiyi əsas tezis ondan ibarət idi ki, Azərbaycan Premyer Liqasının səviyyəsi qalxıb, 2-ci yerdə gedən komanda ilə 8-ci pillədəki klub arasında cəmi 8 xal fərq var.

Neçə ildir ki, “Qarabağ”la başa-baş mübarizə apara biləcək 2-ci komanda ortaya çıxmadı. Düzdür, ayrı-ayrı illərdə Qriqorçukun “Qəbələ”si və ya Murad Musayevin “Sabah”ı bu missiyanı öz üzərinə götürməyə çalışdı. Lakin bu prosses həm qısa çəkdi, həm də sonda yekun nəticə müsbət olmadı.

“Qarabağ”ın dünənki çempionluğundan sonra “Premyer Liqanın səviyyəsi qalxıbmı” sualına siz nə cavab verərdiz? Məncə, ötən illərlə müqayisədə Qurban Qurbanovun komandası daha da güclənib, orta səviyyəli Avropa klubu dərəcəsinə yüksəlib, digərləri isə əksinə iri addımlarla geri gediblər. “Sabah” nokdaun vəziyyətinə düşdü və çarəni Musayevi göndərməkdə gördü. “Neftçi” 2-ci piilədə olmasına baxmayaraq, o deyil. Komandada stabillik çatmır, Adrian Mutunun yerinə gətirilən Miodraq Bojoviç istədiyi futbolu oynada bilmir. Klubun transfer siyasəti o qədər bərbaddır ki, Bojoviç yeni gələndə göndərmək istədiyi Yeqor Boqomolskini start heyətində oynadır.

Azərbaycan Premyer Liqasının səviyyəsinin real göstəricisi “Qarabağ”ın çempionluq oyununu şəhərin mərkəzində – Tofiq Bəhramov adına Respublika stadionunda 930 azarkeşin izləməsi idi. Bəli, avrokuboklarda 30 min azarkeşi bir göz qırpımında arenaya yığan Ağdam klubunun çempionatdakı matçlarını aşağı-yuxarı 700-900 tamaşaçı izləyir. Ümid edirəm ki, Azərbaycanda ilk dəfə çempion olan Juninyo, Lunyov kimi futbolçular boş tribunalara baxıb şok keçirməyiblər.

Gəlin, özümüz-özümüzü aldatmayaq, Azərbaycan çempionatının səviyyəsi ötən illərlə müqayisədə yüksəlməyib. 1-ci yerin sahibi “Qarabağ”la 2-ci pillədə olan “Neftçi” arasında 26 (!) xal fərq var. Bir tərəfdən “Qarabağ” güclənir, “Braqa”, “Bayer” kimi klublarla başa-baş oynamağa başlayır, digər tərəfdən “Neftçi”, “Sabah”, “Zirə” və digərləri günü-gündən zəifləyir və Azərbaycan Premyer Liqası öz dəyərini itirir!

Bənzər xəbərlər