Azərbaycan çempionatının oyununda qumar şübhəsi
Azərbaycan çempionatında növbəti danışılmış oyun “radar”a düşüb.
Msport.az xəbər verir ki, bu barədə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.
Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri “SportRadar” şirkətindən siqnal aldıqlarını çatdırıb:
“Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlıə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK – “Difai Ağsu” matçından gedir. Bu oyunda 4 qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən oyunda məhz 4 qol vurulub – görüş “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. (Fanat.az)