featured-image-53212

Azərbaycan Premyer Liqasında artıq 4-cü tura start verilib. Lakin elə futbolçular var ki, ötən mövsüm yüksək liqada çıxış etsələr də, hələ də klubsuzdurlar.

Msport.az Azərbaycan çempionatının klubsuz tanınmışlarını təqdim edir:

  1. ARAZ ABDULLAYEV – 32 yaş 

media-arazabdulla1709193700

Milli komandamızın heyətində 44 oyun keçirib 3 qol vurmuş futbolçu hazırda heç kimə lazım deyil. Rəşad Sadıqov ötən mövsüm Araza şans verib onu “Zirə”yə dəvət etdi. Yarımmüdafiəçi qəsəbə klubunda cəmi 3 oyun keçirdi. Vaxtilə “Neftçi”, “Everton” (bu klubda meydana çıxmayıb), “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ”, “Boluspor”, “Etnikos”, “Sumqayıt”, Llapi” kimi klublarda çıxış etmiş futbolçunun yenidən Kiprə gedəcəyi gözlənilir. Təəssüf ki, Abdullayevin xarakteri ona böyük futbolçu olmağa imkan vermədi.

2. AMİL YUNANOV – 31 yaş 

media-13111

Amilin yenidən “Kəpəz”ə dönəcəyi gözlənilsə də, o, hələ də klubsuzdur. Hücumçu ötən mövsüm “Səbail”in heyətində çempionatda 12 oyunda meydana çıxdı, lakin fərqlənə bilmədi. Elə ötən çempionat “Kəpəz”də 15 oyunda 3 qol vurmuşdu. Son illərdə onun ən yaxşı mövsümü 2022-2023 olmuşdu. Həmin vaxt Yunanov “Şamaxı”da 22 matçda 7 qol vurmuşdu. Görünür, daha yaxşı müqavilə şərtləri tələb etdiyindən bu vaxtadək ona real təklif gəlməyib.

3. RƏŞAD ƏZİZLİ – 30 yaş 

media-43477954_1339921112812373_5457131157910978560_n

Rəşad bu yaxınlara qədər milli komandaya dəvət olunurdu. O, ötən mövsümü Premyer Liqanı tərk edən “Qəbələ”də keçirdi və çempionatda 20 oyunda çərçivəni qorudu. Əzizli də “Qəbələ”nin əksər futbolçuları kimi I Liqada çıxış etmək istəmədi və komandanı tərk etdi. Amma iş orasındadır ki, həmkarlarından fərqli olaraq, o, rahat şəkildə özünə yeni iş yeri tapa bilmədi. Premyer Liqanın bütün klubları qapıçı problemini həll etdiklərindən Əzizlinin bundan sonra elitada klub tapması inandırıcı görünmür. O, I dəstəni bəyənməsə də, “Qəbələ”yə ondan da tanınmış qolkiper – Səlahət Ağayev gəldi.

4. TURAN MANAFOV – 26 yaş 

media-1694878755_67087586505bde8731ab_1694897356

26 yaşında klub tapa bilməmək də bir dərddir. Heç kimə sirr deyil ki, Manafovun intizamla bağlı ciddi problemləri var. Amma insafən müdafiəçi 2023-2024-də çox yaxşı mövsüm keçirdi. O, 33 görüşdə 3 qol vurdu. Vurduğu qollar da bir-birindən gözəl. Hətta ayın qolu mükafatını da aldı. Manafov artıq bir dəfə legioner həyatı yaşayıb. O, 2022-ci ildə Yunanıstanda “Olimpiakos Volos” klubunda az bir müddət keçirib. Bəlkə yenə Azərbaycandan kənara çıxmaq vaxtı gəlib?

5. BUDAQ NƏSİROV – 28 yaş 

media-1506843786

Bir vaxtlar “Sportinq”in B komandasında Melih Demiral, Babakar Kuyate (hazırda “Monpelye”də oynayır, transfer dəyəri 5 milyon avro) kimi futbolçularda bir yerdə oynayan Nəsirov Portuqaliyadan döndükdən sonra Türkiyədə oteldə işləməyə də imkan tapdı. Ayxan Abbasov “Turan Tovuz”a rəhbərlik edərkən yarımmüdafiəçini böyük futbola qaytarmağa cəhd etdi və ona bir neçə matçda şans verdi. Lakin göründü ki, Abbasovun da cəhdləri əbəs imiş. Budaq ötən mövsümü I Liqada “Karvan”da keçirsə də, indi yenə klubsuzdur.

 

 

 

Bənzər xəbərlər