"Azərbaycan millisinə hörmətlə yanaşırıq" - Baş məşqçi
“Azərbaycan millisinin heyətində başqa ölkələrdə, xüsusilə Rusiya və Türkiyədə oynayan xeyli futbolçu var. Rəqib Avropa çempionatına vəsiqə uğrunda birinci dəfə pley-off mərhələsinə çıxıb və bu yolda ilk addımlarını atır”.
Msport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Fransisko Netu Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri pley-off oyunları barədə danışarkən deyib.
Cütün favoriti hesab olunduqlarını gizlətməyən 43 yaşlı mütəxəssis komandamıza hörmətlə yanaşdıqlarını bildirib: “Çünki 10 il əvvəl biz Azərbaycan millisinin hazırkı vəziyyətində idik və yekunda Avropa çempionatına vəsiqə qazandıq. Buna görə də matça ciddi hazırlaşacağıq. Rəqib oyunlarda 4-3-3 və ya 4-5-1 taktiki sxeminə üstünlük verir. Hazırda ikinci pley-off matçları barədə düşünmürük. Bütün fikrimiz Azərbaycanla oyundadır”.
Qeyd edək ki, Azərbaycan və Portuqaliya yığmaları arasında ilk oyun oktyabrın 23-də, cavab görüşü isə oktyabrın 29-da keçiriləcək. Bu cütün qalibi ikinci pley-off mərhələsində Belarus-Çexiya duelinin güclüsü ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq.