featured-image-30474

Mövsümün sonunda bir çox aparıcı futbolçular Azərbaycan Premyer Liqasını tərk edə bilərlər. Ramil Şeydayevin məsələsi artıq hər kəsə bəllidir. Emin Mahmudov da “Neftçi”də qalmaq istəmir və deyilənə görə, kapitan Cənubi Koreyanın “”Daejon Sitizen” klubu ilə danışıqlar aparır.

Msport.az yay transfer dövründə ölkə çempionatını tərk edə biləcək top-futbolçuları təqdim edir.

  1. Ramil Şeydayev – “Qarabağ” 

media-6E83C48D-E37F-4BCA-A6FB-7379A9DBDA03

Ramil Şeydayev “Qarabağ”ı Tailandın ”Buriram Yunayted” klubuna dəyişdi. Millimizin hücumçusu Rusiyadan Azərbaycana gəldikdən sonra ən yaxşı mövsümünü keçirdi. 27 yaşlı forvard 22 qolla Premyer Liqanın ən sərrast oyunçusudur. O, cari mövsümdə avrokubok matçlarında da Ağdam klubuna çox kömək etdi. Heç şübhəsiz ki, Şeydayevin getməsi ilə “Qarabağ”ın ön xətti zəifləməklə yanaşı, Azərbaycan çempionatı da ən yaxşı futbolçulardan birini itirəcək.

2. Emin Mahmudov – “Neftçi” 

media-825217364497e5637a25

Emin həmişəki kimi “Neftçi”ni çiynində tək daşıyır. Düzdür, dünən kapitan Cənubi Koreyanın “Daejoon Sitizen” klubu ilə müqavilə bağlamasını yalanlasa da, əldə etdiyimiz məlumata görə danışıqlar olub, sadəcə hələ rəsmi sənədə imza atılmayıb. 31 yaşlı futbolçu 16 qolla “Neftçi”nin ən yaxşı bombardiridir. Bəzən adama elə gəlir ki, Mahmudov məhz Bakı klubunda özünü tapıb və başqa yerdə oynaya bilməz. Eminsiz Premyer Liqa yoxsul görünəcək.

3. Aleksey Kaşuk – “Sabah” 

media-kasuk

“Sabah” mövsümün ən yaxşı futbolçularından birini saxlamaq üçün əlindən gələni edir. Lakin Murad Musayev də etiraf edir ki, ukraynalı vingerin qalması mümkünsüz görünür. “Şaxtyor” müqavilə ilə ona məxsus olan 22 yaşlı oyunçuya elə qiymət qoyub ki, “Sabah” buna yaxın dura bilmir. Kaşuk 16 qolla paytaxt klubunun ən yaxşı bombardiridir. O, məhz burdakı parlaq çıxışından sonra Ukraynanın U-21 yığmasına qayıtdı və İtaliyaya qol da vurdu. Kaşukun ayrılığı “Sabah”ın ön xəttini çox zəiflədəcək.

4. Abdulaye Ba – “Sabah” 

media-347804425_946127436725027_2994737823772151991_n

Seneqallı futbolçu Azərbaycan çempionatına gəlmiş ən yaxşı CV-yə malik futbolçulardandır. Mərkəz müdafiəçisi “Portu” (Portuqaliya), “Rayo Valyekano” (İspaniya), “Fənərbaxça”, “Antalyaspor” (hər ikisi Türkiyə), “Münhen 1860” (Almaniya) kimi klublarda çıxış edib. Banın cari mövsümdəki performansı haqqında birmənalı fikir yürütmək çətindir. O, çempionata əla başlasa da, sonradan kobud səhvlərə yol verdi və əsas heyətdəki yerini itirdi. 32 yaşlı oyunçunun “Sabah”da qalmaq ehtimalı azdır.

5. Yassin Benzia – “Qarabağ” 

media-5523085e-6eef-44dc-bd1a-5d5343e4d475

Ağdam klubu Benzianı böyük ümidlərlə dəvət etsə də, zədələr ona özünü göstərməyə imkanı vermədi. Əlcəzair əsilli fransalı futbolçu da Ba kimi Türkiyədə “Fənərbaxça”nın formasını geyinib. O, qardaş ölkədə “Hatayspor”da da qısa müddət oynamaq imkanı tapıb. Buna qədər isə yarımmüdafiəçi Fransada “Lion”, “Lill” kimi komandaların uğurları üçün çalışıb. Amma Benzianın Azərbaycan karyerası alınmadı. Qış fasiləsində “köhlən atlar”a qoşulan futbolçu çempionatda cəmi 3 oyunda forma geyindi. Onun 2025-ci ilə kimi müqaviləsi olsa da, “Qarabağ” daim zədələrdən əziyyət çəkən legioneri ilə anlaşmanı poza bilər.

AYXAN

Bənzər xəbərlər