"Orada penalti və futbolçuya ikinci sarı vərəqə verilməli idi" - "Şəfa"nın baş məşqçisi
Şəfa” Azərbaycan Premyer Liqasının X turununda səfərdə “Sumqayıt”la bərabərə qalıb – 1:1.
Msport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Zaur Həşimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Ardıcıl məğlubiyyətlərdən sonra ilk xalımızı qazandıq. Buna görə sevincliyik. Bir tərəfdən də məyusuq. Bu qədər qol epizodu yaratdıq, dəyərləndirə bilmədik. Yenə hesabda öndə olduğumuz oyunda qol buraxdıq və qələbəni əldən verdik. Buna baxmayaraq, uşaqlara təşəkkürümü bildirdim. Həqiqətən də yaxşı oynadılar. Son iki turda da oyunumuzdan razı idim.
– “Şəfa” bu gün ən yaxşı oyununu keçirdi. “Sumqayıt”ı yaxşı təhlil etmişdiz?
– Uduzduğumuz bütün matçında mübarizədən çəkinmədən oynamışdıq. “Şamaxı” ilə matçda komanda dominant futbol oynadı. “Kəpəz”lə oyunda da. Komanda artıq ümid verməyə başlayırdı. “Sumqayıt”ı xüsusi təhlil etməmişdik. Bütün oyunlara olduğu kimi hazırlaşmışdıq. “Şəfa” çempionatda öz sözünü deyəcək gücdədir. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatacağıq.
– Hakim idarəçiliyi ilə bağlı fikriniz necədir?
– Məğlub olduğumuz heç bir oyundan sonra hakimlik haqda danışmamışam. İsa Süleyman qapıçının əlində olanda topu vurdu. Bu, açıq-aşkar görünür. Amma hakim bildirdi ki, qəsdən etməyib. Fikrimcə, orada penalti və futbolçuya ikinci sarı vərəqə verilməli idi. Bəlkə də oyunun taleyi həll olunacaqdı. Musa Quelin sarı vərəqə aldığı epizodda rəqib bizim oyunçunun ayağını tapdalamışdı. O qərar da bizə müəmmalı qaldı. Gərgin oyun gedirdi. Hakimləri də başa düşürəm. İnanmıram ki, hansısa qərəz olsun.







