Azərbaycan UEFA reytinqində Sloveniyanı keçdi
“Sabah”ın UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA ölkə reytinqindəki mövqeyinə ciddi təsir edib.
Msport.az xəbər verir ki, paytaxt klubu bu nəticə ilə ölkəmizə ümumilikdə 7 reytinq xalı qazandırıb. Bunun 1 xalı cavab görüşündəki qələbəyə, 6 xalı isə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəyə görə verilən bonusdur.
Avrokuboklara Azərbaycandan 4 klub başladığı üçün 7 xal 4-ə bölünüb və ölkəmizin mövsümlük əmsalına 1,750 xal əlavə olunub.
Bununla Azərbaycanın 2026/27 mövsümündə qazandığı xal 5,125-ə çatıb. Hazırda bu, Avropada mövsümün ən yüksək göstəricisidir. Azərbaycan bir gecədə 6-cı pillədən 1-ci yerə yüksələrək Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərəni qabaqlayıb.
Son 5 mövsümün nəticələrinin nəzərə alındığı UEFA ölkə reytinqində isə Azərbaycanın xalı 23,687-yə çatıb. Ölkəmiz Sloveniyanı (22,843) geridə qoyaraq 25-ci pilləyə yüksəlib.
“Qarabağ” da “Tvente”ni keçərək UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanarsa, Azərbaycanın reytinqdə daha da irəliləmək və İsrail, Ukrayna, hətta Rumıniyanı qabaqlamaq şansı yaranacaq







