featured-image-32540

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Türkiyədə “Hürriyet” nəşrinə müsahibə verib. Msport.az xəbər verir ki, o, Azərbaycanda gördüyü işlər barədə danışıb.

– AFFA sizi necə tapdı?

– Mənim üçün də sürpriz oldu. AFFA 2021-22 mövsümündən öncə “VAR-dan istifadə edəcəyik, lakin təlim üçün yetərli qaynağımız yoxdu. Bizə kömək edə bilərsiniz”, deyə Türkiyə Futbol Federasiyasına müraciət edib. Mən o vaxt VAR koordinatoru idim. Dostum Frits Stuxlik Azərbaycanda Hakimlər Komitəsinin sədri idi. 2022-ci ilin iyununda canlı oyun tətbiqi mərhələsi üçün Azərbaycandan zəng etdilər, dedilər ki, “Biz təşkilati işləri görürük, amma yeni təklifimiz olacaq.

– Hakimlər Komitəsi sədrliyini düşünmürdünüz?

– Ağlımdan belə keçmirdi. Fikirləşdim ki, yəqin VAR-a rəhbərlik etməyimi istəyirlər. Sonra komitə sədrliyi təklifi gəldi, təəccübləndim. Əla fürsət idi, buna “yox” deyəcək birini ağlıma gətirə bilmirəm. Mən də TFF-dən icazə almalarını istədim. VAR kursları zamanı Rivaya gələn rəsmilər təlimlər zamanı hakimlərlə qurduğum ünsiyyəti görüb bəyəndilər. Türkcə danışmağım da üstünlükdü. Bu təklifi almaq çox gözəl hissdi. Axı, UEFA ölkəsidi və bu, çox önəmlidir.

– Əvvəlcə Trabzondan İstanbula, oradan isə Bakıya köçdünüz. Ailəniz buna necə reaksiya verdi?

– Onlar fəxr edirdilər. Həyat yoldaşım hər zaman ən çox dəstək verən insandır. Doğru zamanda doğru yerdə olduğuma inanıram. Həyatın hansı şanslar təqdim etdiyi bilinmir. Bu fürsət bir daha gəlməyə bilər.

– AFFA ilə müqaviləniz neçə illikdir?

– Assosiasiya ilə 2+1 illik müqaviləm var. Layihələri həyata keçirmək üçün 3 il kifayət qədər çox deyil. Başda hakimlər akademiyası olmaqla çox planlarımız var. Mentor sisteminə də başladıq. Hər bir sədr öz layihələrinin nəticəsini görmək istəyir. Amma hakimlikdə, idarəçilikdə sabah yoxdu. Birinci il hər şey yaxşı idi. Əgər ikinci ilin sonunda məmnunluq davam edərsə, əlavə 1 illik müqavilə maddəsi aktivləşdiriləcək.

– Hakim təyinatlarını kim edir?

– Peşəkar liqaların təyinatlarını mən edirəm. Azərbaycan Premyer Liqasında 10 komanda (həftədə 5 oyun), I Liqada 15 komanda (həftədə 7 oyun) var. İndi 12 komandadan ibarət 2-ci liqa yaradılır. Həvəskarlar liqasında təyinatlar hakimlər şöbəsi tərəfindən həyata keçirilir.

– Azərbaycan Premyer Liqasında neçə hakim var?

– Ötən mövsümü 14 hakimlə başa vurduq, indi say 16-dır. Təəssüf ki, aşağı liqalarda hakimlərin sayı çox azdı. U-19, U-17 liqa oyunlarını belə 1-ci liqa hakimləri idarə etməli olurlar. Orta yaş həddi 30-dan aşağıdı. Ən yaşlı hakimimizin 38 yaşı var. 23-24 yaş arası hakimlərimiz çoxdu.

– İşə haradan başladınız?

– Hakimlər arasında inam yaratmaq, ədalətli və şəffaf bir sistem qurmaq üçün yola çıxdım. Müsbət rəy almağa başladıq. Bəxtim gətirdi ki, TFF-də birgə çalışdığımız Burçin Keskin də Azərbaycanda işləməyə müsbət yanaşdı. O, hazırda müqaviləli təhsil məsləhətçimizdir.

– AFFA sizə hər hansı səbəbdən müdaxilə etmir ki?

– Heç vaxt belə şey olmayıb. Təyinatlarımızla bağlı dialoqumuz olmayıb.

– Ciddi hakim səhvi olanda klublar AFFA-ya, yoxsa Hakimlər Komitəsinə şikayət edir. Bu baxımdan Azərbaycan bizə, yoxsa Avropaya yaxındı?

– Federasiyadan çox liqaları idarə edən PFL-ə təzyiq olur. Türkiyədəki kimi sərt etirazlar görmədim. Klublar assosiasiyaya qarşı açıqlamalarında çox diqqətli olurlar.

– Ciddi hakim səhvləri olduqda ictimaiyyətə məlumat verirsiniz?

– Tez-tez olmasa da, televiziya proqramında iştirak edirəm. Epizodları dəyərləndirirəm. Əgər səhv varsa, şəffaf şəkildə bunu deyirik. Riskli görünə bilər, amma səlahiyyətli şəxs məsələyə aydınlıq gətirəndə Azərbaycanda futbol ictimaiyyəti rahatlaşır. Hətta səhvi etiraf etmək də müsbət təsir göstərir.

– Bakıda həyat necə keçir?

– Bakı həm tarixi, həm də müasir baxımdan çox gözəl paytaxt şəhəridir. Gözəl vaxt keçirə biləcəyiniz yerlər var. Həm fəaliyyət, həm də yemək baxımından zəngindir. Türk yeməkləri ilə heç bir problemim yoxdu, hətta quymaq da var. Təbii ki, onu Trabzondakı qədər gözəl edən yer yoxdu. Ailəm yanımda olmadığı üçün darıxıram. Yeni dostllarım var. Evdən çölə çıxmağı sevən biri deyiləm. Ən sevindirici məqam Trabzonla Bakı arasında birbaşa uçuşların başlmasıdı. 1 saat 15 dəqiqəyə Trabzona çatıram.

– Hakimlər Komitəsinə stadionda münasibət necədi?

– Kiçik problemlə belə qarşılaşmadım. Türkiyədən gəlmək üstünlük təşkil edir. Türkiyə Super Liqası Azərbaycanda gözlədiyimdən daha çox izlənilir. Çox kədərli zəlzələ yaşandı. “Qarabağ” – “Qalatasaray” və “Sabah” – “Beşiktaş” matçları yardım üçün təşkil edildi, inanılmaz maraq və böyük qonaqpərvərlik oldu. Hətta unudulmaz bir an yaşadım. Premyer Liqada çıxış edən 2 komanda Azərbaycanda yoldaşlıq oyunu keçirdi. Alqışlar başladı və birdən gəncliyimə getdim. Haluk Leventin “Anlasana” mahnısı ilə alqışlar oldu. Bu musiqini indi çox adam bilmir. Kollec vaxtımızın mahnısı idi. Azərbaycan radiosunda 10 mahnıdan 8-i Türkiyə musiqisidir. Mədəniyyətlərimiz çox yaxındır. (Futbolinfo.az)

Bənzər xəbərlər