“Azərbaycanla oyunda özümüzü ən yaxşı tərəfdən göstərməliyik”
“Bizi bu gün Azərbaycan millisi ilə çətin oyun gözləyir”.
Msport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Macarıstan yığmasının kapitanı Aleksandra Sarvaş Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri matçla bağlı danışarkən deyib.
32 yaşlı hücumçu bildirib ki, qalib gəlmək üçün bütün bacarıqlarını ortaya qoymalıdırlar: “Azərbaycanla evdə keçirdiyimiz və 1:1 hesabı ilə yekunlaşan ilk görüşdə üstün tərəf biz idik. Yaxşı oynamağımıza baxmayaraq, bu, nəticədə özünü göstərmədi. Çünki yalnız bir epizoddan yararlana bildik. Komandamızın hər bir üzvü bugünkü matçda özünü ən yaxşı tərəfdən göstərməlidir. Bu, qalibiyyət üçün bizə çox lazım olacaq. Hiss edirəm ki, özümüzü inkişaf etdirə bilmişik. İsveçrə ilə matçlarda komandamızdakı inkişaf gözlə görülən idi. Qrupun son oyunlarında göstərdiyimiz performansı bu gün də davam etdirəcəyik”.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da oynanılacaq Azərbaycan-Macarıstan görüşü saat 20:00-da başlayacaq. Qrup mərhələsinin ilk dörd turundan sonra milli komanda 4 xalla 4-cü pillədə qərarlaşıb.