Azərbaycanlı hakim Niderland millisinin oyununda
FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.
Msport.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində Niderland – Belarus matçını idarə edəcək. Həmyerlimizə Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də keçirilən Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.







