featured-image-45621

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.

Msport.az xəbər verir ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.

57 kq-da Şamil Əsgərov növbəti qələbəsini qazanıb. 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşən boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Əsgərov yarımfinalda Buzurqmehr İskanovla (Tacikistan) üz-üzə gələcək.

Onun uğurunu Əzrər Bəbirov (60 kq) da təkrarlayıb. Yığma üzvü 1/4 finalda Tukqunbek İmankadirovla (Qırğızıstan) görüşdə 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Bəbirov finala gedən yolda Sayat İlyasovla (Özbəkistan) döyüşəcək.

63,5 kq-da Azərbaycan dueli baş tutub. Tayfur Əliyevlə Cavid Çələbiyevin qarşılaşmasında birinci 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, bu raundda rusiyalı İlya Popovla qarşılaşacaq.

Bu çəki dərəcəsində Malik Həsənov da 1/4 final döyüşünü qalib kimi başa vurub. O, iranlı Bağır Faracidən güclü olub – 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28). Həsənov yarımfinalda Abdullah Madaminovla (Özbəkistan) üz-üzə gələcək.

80 kq-da Sərxan Budaqov isə döyüşsüz mərhələ adlayıb. Pakistanlı Kaleem Muhammad görüşə gəlmədiyindən boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. O, bu mərhələdə özbəkistanlı Fazliddin Erkinboyevlə münasibətinə aydınlıq gətirəcək.

5 boksçumuz yarımfinala vəsiqə qazandığından özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın üçüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.

Bənzər xəbərlər