featured-image-68553

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş”la sabah keçiriləcək səfər matçı öncəsində mətbuat nümayəndələrinin qarşısına çıxıb. Msport.az xəbər verir ki, o, yenidən bu rəqibə qarşı oynamağın xoş olduğunu bildirib:

“Bizi çox istəkli bir komandaya qarşı oyun gözləyir. Açıqlamalarından da görürük ki, həddən artıq çox istəklidirlər, Çempionlar Liqasının Liqa mərhələsində oynamaq istəyirlər. Amma biz də bunu istəyirik. İnanıram ki, azarkeşlər oyundan razı qalacaqlar. Yaxşı oyun gösərərək yaxşı nəticə əldə etmək istəyirik”.

Qurbanov 2022-ci ildə qarşılaşdıqları “Fernesvaroş”la indiki arasında çox fərq olduğunu, hazırda rəqibin daha sürətli oyuna üstünlük verdiyini qeyd edib: “Futbol elə oyundur ki, daim dəyişir. Dünya futbolu bunu tələb edir. İndi “Ferensvaroş”da fərqli baş məşqçi və futbolçular var. Çox əzmkar bir kollektivdir. Bizim heyətimizdə də xeyli dəyişikliklər olub. Məncə, cavab matçında bir-birimizi daha yaxşı tanıyacağıq. Buna görə də cavab matçının fərqli olacağını düşünürəm. Amma sabah biz sona qədər mübarizə aparmağı bacarmalıyıq.

Bu komanda həddindən artıq sürətlidir. Yəni bizim əvvəl qarşılaşdığımız “Ferensvaroş”dan fərqli oynayır. Daha fiziki cəhətdən güclü və dinamik bir kollektivləri var. Baş məşqçiləri də futbolçularından həm sürətli, həm də mübariz oyun tələb edir. Çalışmalıyıq ki, topa daha çox sahib olaq. Amma bu komandanın elə ilk düşüncəsi odur ki, rəqibə öz oyununu oynamağa imkan verməsin. Bunlar olduğu halda bizim üçün heç də asan olmayacaq. Amma istənilən halda bu cür komandalara qarşı oynamışıq. Bu kollektiv əvvəlkindən daha bacarıqlı ola bilər”.

Q.Qurbanov “Necə edirsiniz ki, 17 ildir bir komandanı çalışdıra bilirsiniz” sualını da cavablandırıb:“Sadəcə məni dəyişmirlər. Ona görə 17 ildir ki, buradayam”.

Q.Qurbanov rəqib baş məşqçisi Robbi Kinin sabahkı oyunda əsas məqsəd top buraxmamaqdır fikrinə də münasibət bildirib: “Bəli, onun fikirlərini oxumuşam. Həm də deyir ki, çox yaxşı hücum xəttimiz var. Əlbəttə ki, belə turnirlərdə qalib gəlmək istəyirsənsə, ilk növbədə öz qapından top buraxmamalısan. Bu, çox vacibdir. Amma daha baxımlı oynamaq və nəticə vermək üçün yaradıcı olmalıyıq. Bizim əsas məqsədimiz yaradıcı olmaq və qol vurmaqdır. Biz həmişə istəyirik ki, qolumuz olsun. Azarkeşlər də belə oyunları sevirlər. Həm burda, həm də Bakıdakı oyunda çalışacağıq ki, maksimum hücumda olaq və qol vuraq”.

Q.Qurbanov hazırda “Qarabağ”da çıxış edən “Ferensvaroş”un sabiq futbolçusu Kad Borqesdən rəqib haqda nəsə soruşmadığını da deyib: “Xeyr. Mən belə halları xoşlamıram. Komandama gələn heç bir futbolçudan onun sabiq komandası ilə bağlı nəsə soruşmuram. Bu, qeyri-etik olar. Çünki ola bilər ki, futbolçu oynadığı müddətdə o komandaya sadiq olub. Ona görə də o futbolçunu çətin vəziyyətdə qoymaq istəmirəm. Sadəcə, özüm və köməkçilərim oyunlarına baxıb rəqib haqqında məlumat toplamışıq”.

Bənzər xəbərlər