featured-image-33636

“Araz-Naxçıvan”ın idman direktoru Eldəniz Yusubov yeni mövsümlə bağlı planlarını açıqlayıb. Msport.az qol.az-a istinadən həmin müsahibəni təqdim edir. 

– Əvvəlcə sizi yeni təyinatınız münasibəti ilə təbrik edirəm.

– Çox sağ olun, təşəkkür edirəm.

– İlk olaraq komandanın hazırkı durumundan danışaq. Klub yenidən formalaşıb. Komandada ümumi ab-hava necədir? 

– Yeni rəhbərlik iyulun 5-dən etibarən klubu təhvil götürüb. Həmin gündən komandanı formalaşdırmaq üçün bütün işlərə başlamışıq. Komanda demək olar ki, yenidən yığılır. Çətin prosesdir. Amma 10 gün ərzində müəyyən şeylərə nail olmuşuq. Yeni futbolçularımız dünəndən məşqlərə qoşulublar. Ab-hava yaxşıdır. Çalışırıq ki, sırf rəqabət mühiti yaradaq. İstəyirk ki, məşqçilər optimal heyəti müəyyənləşdirsinlər. Bu da rəqabət mühitindən asılıdır. Bizim üçün ən önəmlisi odur ki, baş məşqçinin istəyinə uyğun mövqelərə futbolçular dəvət edək. Düzdür, vaxtımız azdır. Daha çox vaxtımız olsaydı, legioner seçimi ilə bağlı işimizi başqa cür qurardıq. Amma yenə də bu gün tələsmədən, səbrlə işləyirik.

– Hansı futbolçularınızla yeni müqavilə imzlayacaqsınız? 

– Ötə il “Araz-Naxçıvan”da oynayan Orxan Əliyevlə, Vadim Abdullayev, Nicat  Süleymanovla müqavilənin 1 il uzadılması üçün anlaşmışıq. Onlar kimi bir neçə yerli futbolçu ilə də müqaviləni uzadacağıq. Bu futbolçular “Araz-Naxçıvan”ın birinci divizionun qalibi olmasında böyük rol oynayıblar. Yaxında hər biri haqda rəsmi açıqlama olacaq.

– Yeni futbolçular, xüsusilə də legionerlər transfer etdiniz. Bundan sonra da yeni transferlər gözlənilir? 

– Bəli.

– Yerli oyunçular transfer edəcəksiniz, yoxsa legioner?

– Ola bilər ki, 1-2 yerli futbolçu transfer edək. Qapıçı və mərkəz müdafiəçisi axtarışındayıq. Olsa, transfer edəcəyik. Amma hələ bundan sonra heyətə ən az 5 əcnəbi futbolçu cəlb olunacaq. Demək olar ki, anlaşmışıq.

– Adlarını açıqlaya bilərsinizmi? 

– Hələ müqavilə rəsmiləşməyib deyə ad çəkməyim düzgün olmaz.

– “Araz-Naxçıvan” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Niyə məhz bu stadionu seçdiniz? 

– Başqa stadion da yoxdur. Bir “ASK Arena” var, bir də “Dalğa Arena”. “Dalğa Arena”nı seçməyimizin əsas səbəbi həm orada bizə uyğun şəraitin olması, həm də ot örtüyünün təbii olmasıdır.

– “Araz-Naxçıvan” uzun fasilədən sonra böyük futbola qayıdıb. Azarkeşlərin oyunlara cəlb olunması üçün hansı işlər görüləcək? 

– Bu məsələ ilə bağlı fəaliyyətə başlamışıq, müəyyən planlarımız var. İşlər gedir. Azarkeş futbolda önəmli faktordur. Komanda birinci divizionda oynayanda da gördük ki, “Araz-Naxçıvan”a dəstək böyükdür. Bu potensialdan istifadə etməyə çalışırıq.

– Bu mövzuda planlarınız nədən ibarətdir? 

– Bizim Marketinq və Media Departamentimiz var. Azarkeşlərlə bağlı əlaqələndirici bir qurum da yaradacağıq. İşlər gedir. Yaxın vaxtlarda mətbuata açıqlayacağıq.

– Təbii olaraq azarkeşlərinizin əksəriyyəti Naxçıvandadır. Bakıdakı matçlarda öz azarkeşləriniz az olacaq. Bu sizi narahat edir?

– Xeyr. Qətiyyən narahat deyilik. Bakıda da Naxçıvanı təmsil edən kifayət qədər insan, iş adamları var. Biz inanırıq ki, onlar birləşəcəklər və “Araz-Naxçıvan”ın oyunlarında anşlaq yaradacaqlar. Bu baxımdan problem olacağını düşünmürük.

– Naxçıvan şəhər stadionunda təmir işləri başlayıb?

– Məndə olan məlumata görə, artıq oraya baxış keçirilib. Yəqin ki, işlər hazırda layihələndirmə mərhələsindədir. Qısa müddət ərzində bununla bağlı fəaliyyətə başlayacaqlar.

– Bəs stadion nə vaxt təhvil veriləcək?

– İşlərin sentyabr ayının axırı, oktyabrın əvvəlində yekunlaşması gözlənilir. Ümid edirik ki. stadion həmin vaxtda təhvil veriləcək.

– Eldəniz bəy, aşağı yaş qrupları, əvəzedici heyətlər də Bakıda məskunlaşacaqlar?

– Xeyr. Akademiya Naxçıan şəhərində məskunlaşacaq. Artıq orada fəaliyyətə başlanılıb, əlaqələndirici şəxs də təyin olunub. Ancaq əvəzedici heyət, U-17 və U-19 komandalarımız müvəqqəti olaraq Bakıda məskunlaşacaqlar.

– Onlar oyunlarını Bakıda hansı stadionda keçirəcəklər? 

– Əvəzedici heyətin matçları ilə bağlı stadion axtarışıdayıq. Yəqin ki, gələn həftənin əvvəli hər şey bilinəcək. Hazırda danışıqlar gedir. Əvəzedici heyətimiz artıq Binə stadionunda məşqlərə başlayıb.

– Yeni sponsorluq müqaviləsi imzalandı. Yaxın gələcəkdə əlavə sponsorluq anlaşması gözlənilir? Ümumiyyətlə, klubun büdcəsi, maliyyə durumu necədir? 

– Biz artıq ilkin fəaliyyət üçün büdcə formalaşdırmışıq. Problemimiz yoxdur. İşlərimizi görürük. Bu gün sırf komandanı formalaşdırmaq üçün hər cür şəraitimiz var. Əlavə sponsorun da gəlməsi gözlənilir.

– Növbəti mövsüm üçün qarşıya qoyulan hədəf nədir? Premyer Liqada möhkəmlənmək?

– Xeyr. Rəhbərlik tərəfindən bizim qarşımıza qoyulan məqsəd bu mövsüm Konfrans Liqasına vəsiqə qazanmaqdır.

– Deməli, komandaya legionerlərin cəlb olunmasının bir səbəbi də budur? 

– Bəli. Biz iddialı komanda qurmalıyıq. Yaxşı futbolçular transfer etməyə çalışırıq ki, komanda tapşırıqları yerinə yetirə bilsin. Biz də bu istiqamətdə işləyirik.

Bənzər xəbərlər