featured-image-53249

Azərbaycan Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (1:1) sonra meydan sahblərinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, o, əvvəlcə oyunu dəyərləndirib:

– Maraqlı oyun alındı. Hər iki komanda əzmkar mübarizə apardı. Komanda şəklində daha üstün oynadıq. Futbolun yazılmayan qanunları var. Düşünürəm ki, iki xal itirdik.

– Buraxılan qolu şərh edərdiniz… Rəqib baş məşqçi Roman Qriqorçuk “fair play”ə ehtiyac olmadığını dedi.
– Qriqorçukun fikirlərini şərh etmək istəmirəm. Fikrimcə, stadionlardan “fair play” bayrağını endirsək, daha yaxşı olar. Bir şeyə riayət etmirsənsə, nəyə lazımdır? Bizim də uduzduğumuz oyunlar olub, amma belə şey etməmişik. “Neftçi”ni təbrik edirəm, layiqli qoldursa, olsun.

– Qriqorçukla danışdınız?
– Bu qaydalar necə tərtib edilir, bilmirəm. Rəqibə reaksiya verirsən, sənə qırmızı vərəqə verirlər. Heç bir təhqir etməmişəm. “Fair play”ə belə əməl edirlərsə, sözüm yoxdur.

– Roman Qriqorçukla “Qəbələ”də işləmisiniz. Yəqin ki, o vaxt da “fair play” məsələləriniz olub. O zaman Qriqorçuk necə reaksiya verirdi?
– Ümid edirəm ki, qarşıdakı oyunlarda belə hallarla rastlaşmarıq. Yazılmayan qanundur, amma hamıyq aiddir. Bu gün belə alındı. Ümid edirəm ki, bir də belə şey başımıza gəlməz.

– “Qəbələ”də olanda da ardıcıl turlarda komandanıza qırmızı vərəqələr verilirdi. İndi də hər qəribə hadisədə adınız var.
– Problemli adam deyiləm. Bəzən emosiyalarımı saxlaya bilmirəm. Hakimlər necə görür, bilmirəm. Heç kimi təhqir etməmişəm. (futbolpress.az)

Bənzər xəbərlər