featured-image-83169

Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının səfər oyunundan əvvəl fikirlərini bildirib:

Msport.az xəbər verir ki, o, Azərbaycan komandasını favorit hesab etdiyini vurğulayıb:

“Bizim futbolçularımız peşəkar oyunçular deyillər. Onlar müxtəlif peşələrdə çalışan insanlardır. Azərbaycanla Lixtenşteyn arasındakı əsas fərq də budur.
Buna baxmayaraq, bu futbolçuların yanaşması çox peşəkardır. Onlar həm oyun, həm də ölkələri üçün çox böyük əmək sərf edir və futbola böyük məsuliyyətlə yanaşırlar.

Azərbaycanla Lixtenşteyn arasındakı fərq ondan ibarətdir ki, Azərbaycanın bəzi futbolçuları Çempionlar Liqasında çıxış edir. Bir çox oyunçunun Çempionlar Liqasında oynamaq təcrübəsi var.

Bəlkə də bir qədər Lixtenşteyn haqqında danışmaq lazımdır, çünki bizim necə bir ölkə olduğumuzu çoxları bilmir. Güman edirəm ki, burada əyləşənlərin çox az hissəsi indiyədək Lixtenşteyndə olub.

Biz çox kiçik ölkəyik. Ərazisinə görə dünyanın altıncı ən kiçik ölkəsiyik və əhalimiz cəmi 40 min nəfərdir. Bu, Azərbaycanla aramızda böyük fərq yaradır. Biz sizdən minlərlə kilometr uzaqda yerləşirik və fərqli imkanlara malikik.
Sizin futbolçularınız Çempionlar Liqasında çıxış edən peşəkar oyunçulardır. Bizim futbolçularımız isə futbola böyük həvəslə yanaşan və əsas işlərindən əlavə futbol oynayan oyunçulardır.

Bizim çıxışımız yalnız oyunun nəticəsi ilə ölçülmür. Eyni zamanda, futbolu necə oynadığımıza, böyük futbol ölkələri və böyük millilərlə necə mübarizə apardığımıza, onlara qarşı necə çıxış etdiyimizə də diqqət yetiririk.

Bu səbəbdən sabah Azərbaycan millisinin favorit olduğu bir oyun gözləyirik. Azərbaycan və Litva Millətlər Liqasının D qrupunda favoritlərdir.

Məqsədimiz sabah ölkəmizi layiqincə təmsil etmək və yaxşı oyun nümayiş etdirməkdir. İstəyirik ki, Azərbaycanlı azarkeşlər oyundan sonra “Lixtenşteyn yaxşı komandadır” desinlər və bizim ürəkdən, böyük həvəslə mübarizə apardığımızı görsünlər”.

Bənzər xəbərlər