featured-image-44792

“Neftçi”də vəziyyət yenə “ruscadır”. “Ağ-qaralar” “Kəpəz”lə neytral meydanda (Tovuzda) keçirilən oyunda çətinliklə məğlubiyyətdən qaça bildilər – 3:3. Bu gün “Zirə” qalib gələcəyi halda, Miodraq Bojoviçin komandası 5-ci yerə düşəcək. Bojoviçdən söz düşmüşkən, gözləyirdik ki, Mutudan sonra vəziyyət dəyişəcək, Rusiyada böyük təcrübə toplamış mütəxəssisə Azərbaycanda işləmək çətin olmayacaq. Amma hələ ki hadisələrin gedişi ümidverici heç nə göstərmir.

“Kəpəz” “Neftçi”yə dərsliklərə salınacaq qol vurdu. Junior Martinsin 2-ci dəfə fərqləndiyi epizodda bakılıların müdafiə xətti həvəskar komandanı xatırladırdı. Oyundan sonra Bojoviçin üzrxaxlıq edəcəyini, vacib xallar itirdiklərini deyəcəyini gözləyirdim. Lakin o, matçın Tovuzda keçirilməsini az qala  “Neftçi”yə sui-qəsd kimi qiymətləndirdi: “Bizi Tovuzda oynamağa məcbur etdilər. 14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik. Məndə olan məlumata görə, “Kəpəz” bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır”.

Maraqlıdır, Tovuzda gedib oynamaq belə çətindir? Qarşısına ciddi hədəflər qoyan klub 14 gün ərzində iki dəfə Tovuza getməyi özünə niyə dərd etsin ki? “Amkar”ın baş məşqçisi olanda Piterə 2,5 saat təyyarə ilə uçmaq çətin deyildi? Ya da Tomska məşəqqətli səfərlər.

Bəlkə də Bojoviç Tovuzu stadion süni örtüklü olduğu üçün qabardıb, amma Avropa Liqasında 1\8 finala yüksələn “Qarabağ” da orda oynayır, digər klublarımız da.

“Neftçi”nin baş məşqçisi “Kəpəz”in bundan sonra Sumqayıtda oynayacağı ilə bağlı eksküziv xəbər versə də, Adil Şükürov bunu təkzib etdi. Bojoviç “bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır” deməklə PFL-in də bostanına daş atmış oldu. Halbuki cəmi 2,5 ay ölkəmizdə olan adamın indidən özünə bu qədər “mehriban düşmən” qazanması yaxşı hal deyil.

Bu gedişlə, “Neftçi” mövsümün sonunda Bojoviçi də göndərəcək. Yenə büdcədən böyük pullar gedir, legionerlər gəlir-göndərilir, məşqçilər bir-birini əvəz edir. Eyni problem həm Regekampfın dövründə var idi, həm Mutunun, həm də indi Bojoviçin vaxtında. Deməli, problem yalnız məşqçilərdə deyil. “Neftçi” düzgün idarə olunmur. Klubda bir rəhbər olar, hamı ona hesabat verər, daha indiki kimi yox. Qızın bir neçə adaxlısı var…

Bənzər xəbərlər