featured-image-20212

Səbail”in hücumçusu Mirabdulla Abbasovun Msport.az saytına müsahibəsi

– Antalya toplanışı necə keçir, komandada ab-hava hansı səviyyədədir?
– Hazırlığımız yüksək səviyyədə davam edir. Buradakı ab-havadan da başa düşmək olar ki, komandanın hər bir üzvü toplanışdan razıdır.

– Şahin Diniyevin gəlişindən sonra “Səbail”də nə dəyişib?
– Yeni baş məşqçi ilə komandaya yeni nəfəs gəlib. Başda məşqçilər korpusu olmaqla, hamı əlindən gələni edir ki, komanda mövsümün ikinci hissəsinə tam hazır olsun.

– Sizcə, komanda niyə Mahmud Qurbanovun rəhbərliyi altında uğursuz çıxış etdi?
– Bu suala cavab vermək istəmirəm.

– Antalyadakı ilk yoxlama oyununda “Legiya” ilə 2:2 hesablı heç-heçə etdiniz? Oyunla bağlı nə deyə bilərsiniz?
– Normalda bu, artıq şablon ifadədir ki, belə oyunlarda hesabın önəmi o qədər də yoxdur. Bu cür sınaq matçları əsas fiziki hazırlığı təkmilləşdirmək üçün oynanılır. Buna baxmayaraq, adlı-sanlı rəqibə qarşı yaxşı çıxış etdik, rəqabətli oyun göstərdik. Lakin bu, bizi aldatmamalıdır. Toplanışın növbəti günlərində daha da yaxşı hazırlaşmalıyıq.

– Qollardan birini məhz siz vurdunuz. Bu barədə də fikirləriniz maraqlıdır….
– Əlbəttə, qol vurmaq hər bir futbolçu kimi mənim üçün də sevindirici haldır. Ümid edirəm ki, qollarımın ardı tək penaltidən yox, digər epizodlarda da gələr. Bunun üçün əlimdən gələni etməyə hazıram və buna söz verirəm.

– Azarkeşlər əsl Mirabdullanı nə zaman görə biləcəklər? Ümumiyyətlə, karyeranızdakı enişi necə izah edərdiniz?
– Bu barədə danışmaq bir az yersizdir, məncə. Çünki sözdə çox şey demək olar. Əsas əməl etməkdir. Çalışacam ki, bu sualın cavabını qarşıdakı oyunlarda meydanda göstərəcəyim mübarizə və vuracağım qollarla verim.

– Necə düşünürsünüz, Şahin Diniyevin gəlişindən sonra “Səbail” qara zolaqdan çıxa biləcək?

– Tək mən, futbolçular deyil, bütün “Səbail” ailəsi buna inanır.

Bənzər xəbərlər