"Bu cür məğlubiyyətdən sonra danışmaq çətindir" - Samir Əliyev
21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə oyundan (0:2) sonra mətbuat konfransı keçirib. Msport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Bu cür məğlubiyyətdən sonra danışmaq bir qədər çətindir. Uşaqlar meydanda bacardıqlarını etdilər, döyüşdülər, xeyli qol vəziyyətləri yaratdılar. Heyətində yüksək keyfiyyətli futbolçular olan rəqibə qarşı onlar çox yaxşı mübarizə apardılar. Hər bir futbolçuya təşəkkür etdim.
-Bəxt Azərbaycan millilərindən üz döndərib?
-Özünüz də gördünüz ki, kifayət qədər qol vəziyyətləri yarada bildik. Sadəcə bunları dəyərləndirə bilmədik. Bax, belə.
-Nəriman Axundzadəyə penalti zərbəsini yerinə yetirməyi siz tapşırmışdınız?
-Bəli, mən demişdim. Lüksemburqla oyunda penaltini Nəriman yerinə yetirmişdi. O, daha təcrübəlidir. Nəriman həm çempionatda, həm də avrokuboklarda oynayır. O, fərqlənə bilmədi, əlbəttə, məyusuq. Fərqlənsəydi, daha da ümidlənib, bəlkə də davamını gətirərdik. Amma alınmadı. Əsas odur ki, uşaqlar meydanda döyüşdülər və göstərdilər ki, futbol oynamağı bacarırlar. Bəhanə gətirmək istəmirəm.
-Niyə Nərimanı 90 dəqiqə oynatdınız?
-Ümid edirdik ki, o, oyunu öz üzərinə götürəcək, hücumda kreativliyi artıracaq və bundan faydalanacağıq.
-Bu, sizin millinin baş məşqçi postunda son ev oyununuzdur, ya gələn tsikildə də sizi görəcəyik?
-Bu mənə aid olan sual deyil.
-Gənc futbolçuların Premyer Liqada az oynamasını necə şərh edərdiz?
-Gənclərə şans vermirlər. Yaxşı olardı ki, Premyer Liqada 90 dəqiqə oynasınlar. Millidə vaxt az olur. İldə cəmi bir neçə dəfə yığışırıq. Futbolçular Premyer Liqada oynamayanda bizim də işimiz çətinləşir. Daha dərin problemlər var. İndi bu haqda danışmaq istəmirəm.