"Bu cür uduzmaq adama pis təsir edir" - Rahid Əmirquliyev
“Səbail”in kapitanı Rahid Əmirquliyevin Msport.az saytına müsahibəsi
– Əvvəlcə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”yə 2:3 hesablı məğlubiyyət barədə fikirlərinizi bilmək istərdik…
– Oyuna yaxşı hazırlaşmışdıq. Kubok və çempionat matçları fərqlənir. İlk qarşılaşmadan yaxşı nəticə ilə qayıtmaq istəyirdik. Görüşə də pis başlamadıq, 2 qol vurduq. Amma fasiləyədək 1, ikinci yarıda isə 2 top buraxıb uduzduq. Düzdür, bu cür uduzmaq adama pis təsir edir. Amma səfərdə 2:3 hesabı ilə uduzmaq pis nəticə deyil. Evdə revanş götürmək olar.
– 2:0 hesablı üstünlüyü qoruya bilmədiz. Səbəb nə oldu: arxayınlıq, yoxsa ustalıq səviyyəsi?
– Arxayınlıq deməzdim, çünki belə bir şey olmadı. “Qəbələ”nin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Həm bu, həm də yorğunluq amili ön plana çıxdı. Tez-tez meydançaları dəyişmək əzələlərə mənfi təsir edir. Bir də rotasiyalar öz sözünü dedi.
– Cavab oyunu barədə nə düşünürsünüz?
– Bu görüşü səbirsizliklə gözləyirik. Qələbə qazanıb klubu tarixində ilk dəfə finala çıxarmaq istəyirik. Çox ümidliyik. Düzdür, ona qədər ağır matçlarımız var. “Neftçi” ilə oyundan sonra tam gücümüzlə ikinci qarşılaşmaya hazırlaşacağıq.
– “Səbail” bütün ümidini kuboka bağlayıb. Finala çıxa bilməsəniz, necə olacaq?
– Əslində deməzdim ki, bütün ümidimizi kuboka bağlamışıq. Orta sıralarda olsaydıq, ancaq kuboku düşünərdik. Çempionatda vəziyyətimiz ürəkaçan deyil. Son pillədəyik, diviziona düşmək ehtimalımız var. Odur ki, bütün ümidimizi kuboka bağlaya bilmərik. Bizim üçün Premyer Liqada qalmaq da çox vacibdir. Bu səbəbdən hər oyun finala bərabərdir.
– Premyer Liqada son sırada olmağınız psixoloji basqı yaradır? Ümumiyyətlə, bu durum sizə necə təsir edir?
– Əlbəttə, pis təsir edir. Heç kim aşağı dəstəyə düşmək istəməz. Futbolçuların üzərində basqı var. Vəziyyətdən çıxmağa çalışırıq. Komandada inam var ki, elitadakı yerimizi qoruyacağıq.