"Bu gün peşəkar davranmadıq" - Şahin Diniyev
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Səbail” – “Zirə” oyunundan (2:0) sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev CBC Sport-a açıqlama verib.
Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis vacib 3 xal qazandıqlarını deyib:
“Oyun çox maraqlı keçdi. Hər iki komanda yaxşı futbol göstərdi. Qarşılıqlı hücumlar şəraitində keçən bir oyun oldu. Komanmızın bugünkü oyunundan hərtərəfli xoşum gəldi. Futbolçular meydanın hər qarışı uğrunda vuruşurdular. Nəticə də gəldi. Komandanın oyun sisteminə oturması, tam formaya düşməsi üçün vaxt lazım idi. Mənə elə gəlir, komanda artıq istədiyim futbolu oynaya bilir. “Zirə”yə uğurlar arzu edirəm. Çox yaxşı komandaya qarşı oynadıq və layiqli qələbə qazandıq”.
56 yaşlı mütəxəssis bu qələbəni “Kəpəz” üzərində əldə edilən minimal hesablı qalibiyyətlə də müqayisə edib: “Bu 3 xal o birindən çox şirindir. Bunu oynayıb qazandıq. Əlbəttə, razıyam ki, “Kəpəz”lə görüşdə hardasa, bəxtimiz gətirdi. Bu yerdən çıxmaq üçün bizə hazırda nəticə lazımdır. Amma bu gün gözəl oyun və gözəl nəticə oldu”.
“Səbail”in baş məşqçisi yeni transferləri Matiya Lyuyiçin də oyununu qiymətləndirib. Qeyd edək ki, o, 76-cı dəqiqədə Elmir Tağıyevin əvəzinə meydana daxil olub:
“Biz bu gün peşəkar davranmadıq. Matiya dünən səhər gəlib və bütün günü yolda olub. Dünən bir məşq və yorğunluq, demək olar saat 4-ə kimi yatıb. Ammahəmin mövqedə ona ehtiyacımız var idi. İlk oyundaca öz səviyyəsini göstərdi. Amma Lyuyiç bu gün tam hazır deyildi. Meydana buraxmaq da istəmirdik. Sadəcə deyirdik ki, komandanın oyun sistemini kənardan baxıb öyrənsin. Lakin məcbur olub ona şans verdik. Şadam ki, 15-20 dəqiqə ərzində bizim oyuna yaxın oyun göstərə bildi”.
Diniyev rəqib komandanın heyətində çıxış edən oğlu Coşğun Diniyevin oyununu belə qiymətləndirib: “Coşğunun oyununu bəyəndim, həmişə bəyənmişəm. Mənim komandalarım çox vaxt onun klublarına məğlub olub, “Qarabağ”da, “Zirə”də çıxış edəndə. Bu gün iki Diniyev (Şahin Diniyevin digər oğlu Kərim “Səbail”in məşqçilər korpusundadır – red) digər Diniyevə qalib gəldi. Əlbəttə, bu bir zarafatdır. “Zirə” ən yaxşı oyun göstərən komandalardan biridir və Coşğun da orda ən yaxşılardandır. Sadəcə biz düzgün təhlil etdik, hər tərəfi bağladıq ki, onlar üçün imkan yaranmasın. Həm Keytanın bağlanması, həm Rəhim Sadıxova qarşı yaxın oynanılmasında komandanın əməyi var”.
AYXAN







