Cabir Əmirli: "Bunu düşünmək belə istəmirik" - MÜSAHİBƏ
“Səbail”in müdafiəçisi Cabir Əmirlinin Msport.az-a müsahibəsi
– Son turda “Kəpəz”ə uduzdunuz. Məğlubiyyətə nə səbəb oldu?
– “Kəpəz” öz meydanında yaxşı nəticələr qazanan komandadır. Oyunun cətin keçəcəyini bilirdik. Her iki komandanın da bərabər sayda şansları oldu. Sadəcə, rəqib ardıcıl standart vəziyyətlərdən istifadə edə bildi.
– “Səbail” hazırda autsayderdir? Komanda niyə sonuncu pillədən yaxa qurtara bilmir?
– Meydanda mübarizə aparırıq. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Təəssüf ki, nəticələr istədiyimiz kimi olmur. Amma vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik.
– Şahin Diniyevin gəlişi də vəziyyəti düzəltmədi. Demək olarmı ki, baş məşqçi dəyişikliyi effekt vermədi?
– Şahin müəllim başda olmaqla, məşqçi heyətimiz komandanın uğurları üçün əlindən gələni edir. Nəticələr ürəkaçan deyil, bilirik. Lakin hər şeyi düzəltmək üçün çox çalışırıq. Komandada hər kəs bunun üçün əlindən gələni edir.
– Son pillədə olmaq komandaya necə təsir edir?
– Təbii ki, sonuncu pillədə olmağın yaratdığı stres və gərginlik var. Oyunumuzla bu yerdə olmağa layiq deyilik. Amma vəziyyətdən çıxacağımıza inanırıq.
– Birinci Diviziona düşmək qorxusunu hiss edirsiniz?
– Bunun gerçəkləşəcəyini düşünmək istəmirik. İnamla daha yaxşı nəticələr qazanacağımıza inanırıq. Çalışıb hər şeyi düzəldəcəyik. Bunun üçün hər birimiz bacardığımızdan daha artığını edəcəyik.
– Sizcə, “Səbail”in oyununda nə çatışmır?
– Oyunumuzda hansısa bir çatışmazlıq olduğunu düşünmürəm. Rəqibin kimliyindən asılı olmayaraq hər matçda sona kimi mübarizə aparırıq. Təəssüf ki, əlimizə düşən şanslardan yararlana bilmirik. Lakin qarşıda bizi çətin 8 oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, sonuncu olmayaq.
– Növbəti oyun “Sabah”a qarşı olacaq. Bu matçla bağlı nə düşünürsüz?
– “Sabah”ın necə güclü rəqib olduğunu deməyə ehtiyac yoxdur. Ötən tur “Qəbələ”yə qalib gəlib avrokuboklara vəsiqəni təmin etdilər. Bizi çətin və maraqlı oyun gözləyir. Bu görüşə qalib gəlmək və sonuncu pillədən uzaqlaşmaq üçün çıxacağıq.
CAHİD