featured-image-35922

Bu gün Azərbaycanın I və II Liqasının püşkü atılıb.

Msport.az xəbər verir ki, mərasimdə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov iştirak edib.

Şahgəldiyev püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Peşəkar Futbol Liqasının yeni saytının istifadəyə verilməsi nəzərdə tutulurmu? Əgər tutulursa, bu, yaxın günlərdə reallaşa bilərmi?
– Bildiyiniz kimi hazırkı saytımız köhnədir. Məhz bu səbəbdən də problemlər çoxdur. Yeni saytın üzərində iş davam edir. Sadəcə istəyirik ki, mükəmməl bir sayt olsun. Özünüz də bilirsiniz ki, artıq Liqaların, ümumiyyətlə keçirdiyimiz yarışların sayı 5-ə yüksəlib. Qısa müddətdə edib narazı qalacağımız bir sayta sahib olmaqdansa, səbir edib keyfiyyətli iş ortaya qoyulmasına çalışırıq. Artıq işlər başlayıb. Saytı hazırlayanları tələsdirmək istəmirik. Təxminən 100-ə yaxın bənd tələb etmişik. O bəndlərin hamısının əks olunmasını istəyirik. İnşallah, yaxın zamanda bu məsələ yekunlaşacaq.

– I və II Liqa komandalarının əksəriyyəti bölgə komandalarıdır. Oyunlar isə həftəiçi keçiriləcək ki, bu da tamaşaçı sayına təsirsiz ötüşməyəcək. Bu liqaların oyunlarını 6-cı və bazar günlərinə salmaq barədə düşünmüsünüzmü?
– Bizdə Premyer Liqa oyunları 5-ci, 6-cı və bazar günləridir. İnanırsınız, hətta 5-ci və 6-cı günlərə oyun salanda da bizə irad bildirirlər ki, bazar gününə salın. Cəmi bir bazar günü var. Başqası yoxdur ki, hansısa addım ataq. Uğurlu çıxış etsələr, azarkeş gələcək. Çempionlar liqası 2-ci, Avropa liqası 4-cü gün olur, amma buna baxmayaraq, stadionlar dolur. Komanda yaxşı oynasa, məncə, azarkeşlər gələcək.

– Hakimlik Premyer Liqada hər zaman əsas müzakirə mövzularındandır. I və II Liqada hakimliklə bağlı problem olmayacaq ki?
– Bu suala heç kim “olmayacaq” cavabını verə bilməz. Dünya çempionatında hakim səhvi olursa, burada da yüz faiz olacaq. Bu necə I və II Liqa komandaları üçün futbolçular baxımından təcrübədirsə, eyni zamanda hakimlər üçün də elə olacaq. Təbii ki, Hakimlər Komitəsi ilə danışırıq ki, oyunlara daha təcrübəli hakimlər göndərilsin. Amma təcrübəsizlər də haradasa oyun idarə edib təcrübə qazanmalıdırlar. Səhvlər olacaq, sadəcə çalışmaq lazımdır ki, sayı az olsun. Bəzi məsələlər var ki, “CBCSport”da görünənlərlə VAR-da görünən çox fərqlidir. Media nümayəndələrini qınamaq olmaz. Hamı televiziyada gördüyünə görə qərar verir. Məsələn, “Qarabağ” – “Araz Naxçıvan” oyununda əksəriyyətin penalti olduğunu düşündüyü epizoda VAR-da baxıldıqdan sonra qayda pozuntusu olmadığı görünür. Sadəcə sürüşmə fəndi edən futbolçunun topa oynadığını siz görə bilmirsiniz. Amma VAR-da açıq-aydın görünür. Bunu bəraət və ya qınaq mənasında demirəm. Sadəcə anlayışla yanaşmaq lazımdır. Hakimin səhvi olsun, amma qərəzi olmasın. I və II Liqada hakim səhvləri olacaq. Ancaq biz çox inanırıq. İnanırıq ki, burada yaxşı məşqçilər, yaxşı futbolçular, menecerlər, idman direktorları yetişəcək. II Liqanı qabartmağımın xüsusi səbəbi odur ki, I Liqadakıların əksəriyyətinin təcrübəsi var. İkincilər üçün yeni bır sınaq, yeni macəra olacaq. İnanın bu çempionatı zaldakı şəxslər menecer kimi çox bəyənəcəklər.

– Premyer Liqada 7 kameradan istifadə olunur. I və II Liqada yayım necə olacaq?
– Əlimizdəki resurslar çox deyil. Minimum resursla maksimum iş görməyə çalışacağıq. Hər iki liqanın oyunları bir mərkəz kamerası ilə çəkiləcək. Amma ən azı bu bizə çox kömək olacaq. Hansısa oyunlar çəkilmirsə, Hakimlər Komitəsi 5 yarışın olduğunu nəzərə aldıqda bütün oyunları başdan-ayağa izləyə bilməz. Amma bizdə montajla məşğul olan şəxslər kifayət qədər peşəkardırlar və icmal hazırladıqları zaman bütün mübahisəli qərarları, hakim səhvlərini gözəl bilirlər və yəqin ki özünüz də görürsünüz ki, hamısını icmala yerləşdirirlər. Yəni heç nə gizlətmirik. Təəssüflə qeyd edəcəyim məqam da var. Əvəzedicilər ötən mövsümdə 1-ci Liqada olanda oyunlarını yayımlaya bilirdik. Amma indi səhv etmirəmsə, yalnız “Neftçi” komandası yayım edir, ya da icmal yerləşdirir. Bu da ictimaiyyətə bəlli olur. Bir məsələdə inkişaf istəyirsinizsə, ictimailəşməlidir. Səhvləri gizlətməklə heç nə əldə etmək olmaz. Sənan müəllim klublarla danışıb ki, heç olmasa oyunlarının icmallarını yerləşdirsinlər. Belədə biz hakimlərin səhvlərini də rahat görə bilərik. Adicə dünən “Neftçi-2” və “Sabah-2” komandalarının oyununda “Neftçi-2”nin oyunçusunun emosional davrandığı deyilir. Amma bu emosionallıq yox, futbolçuya yaraşmayan hərəkətdir. Bu oyun çəkilməsəydi, heç kəs də görməyəcəkdi, ictimailəşməyəcəkdi. Amma indi məsələ daha detallı araşdırılacaq.

– I və II Liqa komandalarının oyunlarında formaların arxasına adlar yazılmır. Belədə xüsusən jurnalistlər üçün futbolçuları müəyyənləşdirmək baxımından çətinlik yaranır. Bunu tələb kimi qoymaq olarmı?
– Bu məsələlər hamısı maddiyyata bağlıdır. Hansı komandanın sponsoru varsa, çox güman adı yaza biləcəklər. Belə deyək, bu gün biz hansısa brend dükandan bahalı köynək ala bilmirik, amma çalışırıq ki, daha ucuz yerdən aldığımız köynək təmiz və səliqəli olsun. İlk dəfə başlayırıq bu məsələlərə, tələsməyək, səbir edək. Məncə davamı daha yaxşı olacaq.

– Bəzi region komandalarının oyununda məşəl yox, tüstülərdən istifadə edilsə də, cərimə yazılır. Bu qarşıdakı mövsümdə də davam edəcək?
– Bu cərimələr təkcə bizdə yox, bütün dünya futbolunda tətbiq olunur. Məşəl və ya tüsütdən istifadə edilirsə, cərimə verilir. Bu, təkcə bizim əsasnaməyə görə deyil, ölkənin qanunvericiliyinə görə də belədir. Bunlar tam şəkildə qadağandır. Güc strukturları ilə də bu barədə danışmışıq. Məlum oldu ki, tam qadağandır və hər hansı müdaxilə mümkün deyil.

Bənzər xəbərlər