“Neftçi”nin legioneri: “Ümid edirəm ki, çempion olarıq” - MÜSAHİBƏ
“Neftçi”nin xorvatiyalı yarımmüdafiəçisi Viçko Şevel Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Msport.az həmin müsahibəni təqdim edir:
– Oyunun sonlarına doğru qol vuraraq minimal hesablı qələbə qazandınız. Bu barədə nə düşünürsünüz?
– Düşünürəm ki, çox çətin oyun oldu. Çünki “Kəpəz” çox yaxşı komandadır. Amma bizim üçün ən vacibi 3 xal qazanmaq idi. Məncə,, qol vurmaqda çətinlik çəkdik, amma meydanda son hissəyə qədər yaxşı oynadıq. Sadəcə qol vura bilmirdik. Komandamla fəxr edirəm. 3 xal qazandıq və hazırda çox xoşbəxtik.
– Çempionatın ilk dövrəsini lider kimi başa vurdunuz. Özünüzü necə hiss edirsiniz?
– Bu, əla hissdir. Amma sizin də dediyiniz kimi, bu, sadəcə ilk dövrədir. Biz bu barədə düşünmürük. Sadəcə davam etməliyik. Hər oyunda qalib gəlmək, matçdan-matça irəliləmək istəyirik. Sonda hansı mövqedə olacağımızı görəcəyik. Ümid edirəm ki, çempion olarıq.
– Sıx qrafiklə oynayırsınız. Növbəti oyunda “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Bu matça necə hazırlaşırsınız? Sizcə, bu qrafik komandaya çətinlik yaradır?
– Düşünürəm ki, oyun qrafiki necədirsə, elə də qəbul etməliyik. Onu dəyişə bilmərik, hər rəqiblə oynamalıyıq. Buna görə də mənim üçün problem yoxdur. Çünki oyunları seçmək imkanımız yoxdur. Biz “Neftçi”yik və hər oyuna çıxıb qalib gəlməliyik. Məşqçimiz və rəhbərliyimizlə birlikdə soyunub-geyinmə otağında da bu düşüncə tərzinə sahibik. Düşünürəm ki, sadəcə hazırlaşmalı, növbəti oyuna çıxıb qalib gəlməliyik. Ümid edirəm ki, ondan sonrakı matçda da qələbə qazanacağıq.







