DÇ-2022: Millinin müdafiəçisi üçün mundial başa çatdı
Qətərdə keçirilən dünya çempionatı çərçivəsində baş tutan Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Əl-Şəhraninin durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.
Vəziyyəti ciddi olan oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Əl-Şəhraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.
Xatırladaq ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Əl-Şəhraninin üzünə zərbə endirib. Dizi əzilən qapıçı oyunu davam etdirsə də, komanda yoldaşı meydanı xərəkdə tərk edib.