featured-image-18296

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Cənubi Koreya ilə oyun Braziliya yığmasının hücumçuları Neymarla Vinisius Junior üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, 4:1 hesabıyla qalib gəldikləri bu oyunda millinin heyətində 76-cı qolunu vuran Neymar əfsanəvi Pelenin rekorduna bir addım da yaxınlaşıb.

Fransanın PSJ klubunun oyunçusu daha bir dəfə fərqlənsə, millinin heyətindəki qolların sayına görə Pele ilə rekorda şərik olacaq.

Neymarla Vinisius Junior bu oyunda daha bir unikal nailiyyətə imza atıblar. Belə ki, dünənki matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Neymar tarixdə üç mundialda adını tabloya yazdıran üçüncü braziliyalı olub. 30 yaşlı forvard DÇ-2014 və DÇ-2018-də də fərqlənməyə macal tapıb. Ona qədər Pele (1958, 1962, 1966, 1970) və Ronaldo (1998, 2002, 2006) minimum üç dünya çempionatında qol vurub.

“Sambaçılar”ın 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada hesabı açan Vinisius DÇ-2014-də fərqlənən komanda yoldaşı Neymardan sonra Braziliya millisinin ən gənc qolçusu olub. Neymar 8 il əvvəl Xorvatiya ilə qarşılaşmada 22 yaş 127 günlüyündə rəqibi məyus edibsə, Vinisius bunu 22 yaş 146 günündə reallaşdırıb.

Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə qarşılaşacaq.

Bənzər xəbərlər